×
A
A
A
Sazlamalar

Azərbaycanda poçt rabitəsinin yaranmasından 201 il ötür

1818-ci il iyunun 1-də ölkə ərazisində ilk poçt rabitəsi yaradılıb

Bakı, 1 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Ölkəmizdə poçt rabitəsinin yaradılmasından 201 il ötür. Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub. İnformasiyanı ötürmək üçün insanlar qədimdə tonqallardan, qasidlərdən, öyrədilmiş xüsusi göyərçinlərdən və digər vasitələrdən istifadə ediblər. Azərbaycanda da yazılı məlumatların qasidlər vasitəsilə ötürülməsi qədim zamanlardan mövcud olub. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Müasir formada poçt isə XIX əsrin 1-ci qərinəsində bərqərar olur.
Azərbaycan poçtunun tarixi 1818-ci il iyunun 1-də Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ildə isə Poçt və Teleqraf Nazirliyi yaradılıb. Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artmış poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət, iradə tələb edirdi. 1945-ci ildə Poçt Ekspedisiyası təşkil olundu. Bu beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaratdı.
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində poçt sahəsinə xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, həmin dövrdə respublikada 300-dən çox poçt şöbəsi binası tikilib. XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələ açılıb. Bu gün yüksək keyfiyyətlə poçt və bank-maliyyə xidmətləri göstərən milli poçt operatoru “Azərpoçt” MMC ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir.

1991-ci ildən Azərbaycan poçtu beynəlxalq fəaliyyətə qoşulub
Azərbaycan Poçt Administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ), 2000-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT) üzv qəbul edilib. Azərbaycan poçtunun ən böyük uğurlarından biri kimi ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədəki 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbuldakı 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.
“Azərpoçt” MMC 1998-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin üzvü, ÜPİ Poçt Texnologiyaları Mərkəzinin məhsullarının aktiv istifadəçisidir. Belə ki, “Azərpoçt” MMC öz fəaliyyətində 2001-ci ildən “IPS.light” izləmə sistemini, 2005-ci ildən IFS/STEFI beynəlxalq pul köçürmələri sistemini, 2013-cü ildən Qlobal monitorinq sistemini, 2016-cı ildən “IPS.Post” yeni izləmə sistemini tətbiq etməklə, bu sistemlərin imkanlarından faydalanmaqdadır.
2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq (lisenziya) verildikdən sonra “Azərpoçt” MMC beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

“Azərpoçt” Ümumdünya Poçt İttifaqının sürətli poçt xidmətləri kooperativi tərəfindən 9 dəfə qızıl sertifikata layiq görülüb
“Azərpoçt” MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan çox poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli sertifikatına layiq görülməsidir.
Hazırda “Azərpoçt” MMC-nin tərkibi 70 filialdan, o cümlədən 63 rayon şəhər filialından, 7 rayon rabitə qovşağı, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” rabitə müəssisəsi, Mərkəzi Xüsusi Rabitə İdarəsi və Texniki Xidmət Mərkəzindən ibarətdir. Poçt filiallarının tabeliyində olan 1497 poçt şöbəsi (o cümlədən 1141 kənd poçt şöbəsi) əhaliyə və hüquqi şəxslərə xidmət göstərir.
Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması və Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir. Bu məqsədlə “Azərpoçt” MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik “Silk Way” aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyulundan fəaliyyətə başlanıb.
Layihə üzrə dünyanın əsas yük mərkəzi olan Çin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsulları bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilir və “Azərpoçt” MMC tərəfindən poçt kimi emal olunaraq MDB və dünyanın 15 ölkəsinə (ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Fransa, İran, İsrail, İtaliya, Lüksemburq, Niderland, Rusiya, Türkiyə, Ukrayna) daşınır və çatdırılır.
Eyni zamanda, “Azərpoçt”un EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan EMS göndərişləri “Azərpoçt” MMC üzərindən Rusiyaya göndərilir. Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çin, Koreya Respublikası və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır və yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılması gözlənilir.

“Şəbəkə” - poçt sahəsində atılan unikal addım
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il fevralın 10-dan “Şəbəkə” layihəsinin tətbiqinə başlayıb. Ənənəvi poçt şöbələrində məktubların, teleqramların, banderol, kiçik paket və bağlamaların göndərilməsi və qəbulu, sürətli poçt xidməti, poçt maliyyə əməliyyatları, pul köçürmələr, kommunal ödənişlərin qəbulu, sığorta ödənişlərinin qəbulu və sair həyata keçirildiyi halda, “Şəbəkə” mərkəzlərində nazirliyin bir sıra qurumlarının göstərdiyi xidmətlər bir məkanda təqdim olunur. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pul köçürmələri, büdcə, kommunal, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
Respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, yəni Səbail, Yasamal (2), Binəqədi (2) və Xəzər rayonlarında, digər 3-ü Sumqayıt, Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Hazırda “Şəbəkə” xidmətinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin respublikanın bütün böyük şəhər və rayonlarında açılması planlaşdırılır.

İKT 2019-06-01 11:26:00