×
A
A
A
Sazlamalar

Kanberrada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirllikəri tərəfindən iftar süfrəsi təşkil edilib

Kanberra, 1 iyun, AZƏRTAC
Kanberrada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin Avstraliyadakı səfirlikləri tərəfindən iftar mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri və onların ailə üzvləri, KİV təmsilçiləri, din xadimləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirə Azərbaycanın Avstraliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Elcan Həbibzadə və Kanberrada yaşayan soydaşlarımız da qatılıblar.
2009-cu ildən Demokratiya muzeyi kimi fəaliyyət göstərən Avstraliya parlamentinin keçmiş binasında keçirilən iftar mərasimində təşkilatçı qismində iştirak edən 22 müsəlman ölkəsinin səfirlikləri çoxsaylı qonaqlara milli yeməklərini və şirniyyatlarını təqdim ediblər. Azərbaycan səfirliyinin hazırladığı stenddə milli kulinariyamıza aid olan şəkərbura, paxlava və digər şirniyyat növləri təqdim olunub. Həmçinin stenddə Azərbaycan suvenirləri və müxtəlif sənətkarlıq nümunələri nümayiş etdirilib.
İƏT-ə üzv ölkələrin Avstraliyada akkreditə olunmuş səfirlərinin Kanberra qrupunun sədri, İndoneziyanın bu ölkədəki səfiri Kristiarto Leqovo tədbiri giriş sözü ilə açaraq, qonaqları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib və bu ayın məziyyətlərindən danışıb.
Tədbirdə çıxış edən Avstraliya Xarici İşlər nazirinin müavini Toni Şihan Baş Nazir Skott Morrisonun adından qonaqları salamlayıb, iftar mərasiminə görə təşkilatçılara minnətdarlığını bildirib. O, Avstraliyada milli və dini müxtəliflik dəyərlərinin yüksək qiymətləndirildiyini vurğulayaraq, ölkədə yaşayan müsəlman icmasının Avstraliyanın multikulturalizm ənənələrinin güclənməsinə mühüm töhfələr verdiyini qeyd edib. Nazir müavini Avstraliyada müxtəlif icmaların nümayəndələrinin dinc yanaşı yaşadığını məmnuniyyətlə vurğulayıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Din 2019-06-01 09:30:00