×
A
A
A
Sazlamalar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Avroliqanın finalı ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib

Bakı, 31 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakıda keçirilən futbol üzrə UEFA Avropa Liqasının final oyunu ilə bağlı üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, final oyununun keçirildiyi Bakı Olimpiya Stadionu və əlaqəli məkanlar keyfiyyətli, fasiləsiz telekommunikasiya, internet, mobil, yayım və poçt xidmətləri ilə təmin olunub. Eyni zamanda, ölkənin 62 avtovağzal və avtostansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunub. Ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-dək əlavə avtobus xəttə buraxılıb.
Final oyununun gecə saat 01:00-da bitməsi nəzərə alınaraq, Gürcüstan, İran və “Qırmızı Körpü” istiqamətinə olan reyslərin vaxtı gecə saat 03:00-dək uzadılıb.
“Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşin Bakı Olimpiya Stadionuna ödənişsiz daşınması təmin olunub.
Bununla yanaşı, “Bakı Taksi Xidməti” MMC tərəfindən “Facebook” sosial media hesabında viktorina xarakterli aksiya təşkil olunub. Aksiyada qalib gələn 10 nəfər ödənişsiz taksi xidmətindən faydalanmaq imkanı əldə edib.
“Azərmarka” MMC “UEFA Avropa Liqasının finalı 2019” adlı poçt vərəqi dövriyyəyə buraxıb.

İKT 2019-05-31 16:34:00