×
A
A
A
Sazlamalar

Simona Qatti: Rəqəmsal bazarların uyğunlaşdırılması onlayn xidmətlərin daha münasib qiymətə və geniş seçimlə göstərilməsinə səbəb olacaq

Bakı, 31 may, Pərvanə Rəhimova, AZƏRTAC
Rəqəmsal bazarların uyğunlaşdırılması onlayn xidmətlərin daha münasib qiymətə və geniş seçimlə göstərilməsinə səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti mayın 31-də Bakıda keçirilən mətbuat konfransında deyib.
“Bu gün biz “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulmuş, Aİ tərəfindən maliyyələşdirilən və ümumi büdcəsi 11 milyon avro olan regional təşəbbüs proqramını təqdim edirik. Ümid edirik ki, layihə təkcə dövlət qurumlarının işlərinin deyil, həmçinin sıravi vətəndaşların həyatlarının müsbətə doğru dəyişməsinə səbəb olacaq. Növbəti proqram kibertəhlükəsizliyə həsr olunacaq. Bu, sosial və iqtisadi inkişaf üçün böyük potensiala malikdir. Xüsusilə də, yeni iş yerlərinin yaradılması və artırılmasına töhfə verəcək. Rəqəmsal bazarların uyğunlaşdırılması onlayn xidmətlərin daha münasib qiymətə və geniş seçimlə göstərilməsinə səbəb olacaq. Bu isə öz növbəsində, investisiya axınına, ticarət və məşğulluq artımına zəmin yaradacaq”, - deyə S.Qatti bildirib.

İKT 2019-05-31 10:16:00