×
A
A
A
Sazlamalar

Ümrə zəvvarlarının sayının 2030-cu ilədək ildə 30 milyona çatdırılması nəzərdə tutulur

Məkkə, 30 may, Şıxəli Əliyev, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığı zəvvarların ölkəyə gəlişindən gedişinədək qayğısına qalır, dünyanın hər yerindən ziyarətə gələnlərin dini ayinlərini əmin-amanlıq şəraitində və rahat yerinə yetirmələri üçün bütün xidmətləri təqdim edir. Bu baxımdan Həcc və Ümrə Xidmətləri Proqramı mühüm yenilikdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri, Həcc və Ümrə Xidmətləri Proqramı üzrə Komitənin sədri Məhəmməd Saleh bin Tahir Benten Məkkə şəhərində keçirilən mətbuat konfransında deyib.
Səudiyyəli nazir qeyd edib ki, Kral Salman bin Əbdüləziz Al Səud və Nazirlər Şurası sədrinin müavini, Müdafiə naziri vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə təqdimatı keçirilmiş Həcc və Ümrə Xidmətləri Proqramı Ümrə ziyarətçilərinin sayında artıma nail olmağı, İki Müqəddəs Məkana gəliş-gediş prosedurlarının sadələşdirilməsini, zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, onların dini səfərlərinin və mədəni təcrübələrinin zənginləşdirilməsini hədəfləyir.
Krallığın “Gələcəyə baxış -2030” sənədinə daxil olan və 130-dan çox təşəbbüsü özündə birləşdirən bu proqramın hazırlanmasında ölkənin 30-dan çox idarəsi iştirak edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Gələcəyə baxış-2030” sənədinin hədəfləri içərisində Ümrə zəvvarlarının sayının artırılaraq 2030-cu ilədək ildə 30 milyona çatdırılması nəzərdə tutulur.
Zəvvarlar səfər ərzində Səudiyyə Ərəbistanının tarixi yerləri ilə də tanış olmaq imkanı əldə edəcəklər. Bu məqsədlə 40-dan çox tarixi məkana səfər, İslam tarixinin mühüm hadisələrindən, o cümlədən Hicrət yolundan bəhs edən muzeylərin, interaktiv sərgilərin təşkil edilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində vizaların verilməsi müddətinin azaldılması və prosedurların sadələşdirilməsi, elektron viza xidmətinin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə xüsusi elektron portalın hazırlanması işlərinə başlanılıb. Zəvvarlar portal vasitəsilə otellər, nəqliyyat və tarixi məkanlar haqqında məlumatlar ala, eləcə də səfərlərini birbaşa olaraq portal üzərindən nizamlaya və sifariş verə biləcəklər. Həmçinin etibarlı ödəmə həllərini təmin edəcək müasir texnologiyaların tətbiqi ilə maliyyə xidmətlərinin göstərilməsi də planlaşdırılır.
İnsan axınının idarə edilməsi ilə bağlı sistemlərin xidmət səviyyəsinin yaxşılaşdırılması, izdihamın, sıxlığın başvermə ehtimallarını proqnozlaşdırmağa kömək edəcək riyazi modellərin istifadəsi, zəvvarları bu hallar baş verdikdə vaxtında xəbərdar edəcək, onların ziyarət zamanı yerdəyişmələrini tənzimləyəcək ağıllı (smart) sistemlərin tətbiqi, süni intellektin və müasir texnologiyanın imkanlarından yararlanmaq da proqramın hədəfləri içərisindədir.
Proqram çərçivəsində əl-Məscidul-Haramın sahəsinin üçüncü və ən böyük genişləndirilməsi işləri həyata keçirilir. İşlər yekunlaşandan sonra orada 1 milyon 700 min şəxs eyni vaxtda namaz qıla biləcək.

Din 2019-05-30 18:19:00