Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Musiqili Teatrın xor artisti beynəlxalq müsabiqənin ikincisi olub

Bakı, 30 may, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində vokalçıların Vaja Çaçava adına üçüncü beynəlxalq müsabiqəsi keçirilib. Gürcüstanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Koreya Respublikası və digər ölkələrin iştirak etdiyi müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti, respublika və beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova təmsil edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin ikincisi olan həmyerlimiz təəssüratlarını bölüşərək deyib:
“Belə bir beynəlxalq müsabiqədə ölkəmizi təmsil etməkdən qürur duyuram. Qonşu ölkədə bu çıxışım istər münsiflər heyəti, istərsə də çoxmillətli auditoriya tərəfindən yüksək qarşılandı. Nəticə olaraq rusiyalı həmkarımdan sonra ikinci yerə layiq görüldüm. Orada olarkən Azərbaycan vokal sənətinin inkişafı barədə deyilən gözəl sözlər xüsusilə mənə qol-qanad verdi. Müsabiqədə iştirakım üçün şərait yaradanlara, başda Akademik Musiqili Teatrın rəhbərliyi olmaqla, hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Güllübəyim Məmmədova 2011-2015-ci illərdə Bakı Musiqi Akademiyasında “Vokal” ixtisası üzrə təhsil alıb, 2015-2017-ci illərdə isə həmin təhsil müəssisəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Ötən ilin oktyabr ayından Akademik Musiqili Teatrda xor artisti vəzifəsində çalışan istedadlı vokalçımız teatrın repertuarında olan “Toya bir gün qalmış”, “Bankir adaxlı”, “Baladadaşın toy hamamı”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Qızıl toy”, “Mən dəyərəm min cavana”, “Silva”, “Nuri-didə Ceyhun”, “Amerikalı kürəkən”, “Talelər qovuşanda”, “999-cu gecə”, “Bir dəfə Bağdadda” və başqa tamaşalarda uğurla iştirak edib. O, indiyədək bir çox konsert və dövlət tədbirlərinin iştirakçısı olub.

Teatr və kino 2019-05-30 17:41:00