×
A
A
A
Sazlamalar

Nazirlik rəsmisi: Azərbaycanda innovativ inkişaf üzrə strategiya hazırlanacaq

Bakı, 29 may, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanda innovativ inkişaf üzrə strategiya hazırlanacaq. Bu istiqamətdə artıq ekspert qismində “Boston Counsulting” şirkəti cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin fərmanları əsasında bu ilin əvvəlindən ölkədə innovasiya sistemində koordinasiya prosesi həyata keçirilir: “Eyni zamanda, tapşırıq verilib ki, innovativ inkişaf üzrə strategiya hazırlansın. Ötən il Prezident İlham Əliyevin Fərmanına əsasən, 2 qurum - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiya Agentliyi təsis olunub. Həmin agentliklərin gələcəkdə bu prosesdə fəal iştirakı innovativ inkişaf üçün böyük təkan verəcək. Bu qurumların mandatına startapların inkişafı, ölkədə baş verən texnoloji transfer məsələləri, ümumiyyətlə innovasiyaların tətbiqi kimi məsələlər daxildir”.
Nazirlik rəsmisi əlavə edib ki, İnnovasiya Agentliyinin nizamnaməsinə görə, ölkədə iri məlumatlar, robototexnika, “blockchain”, süni intellekt kimi layihələrə dəstək vermək birbaşa bu agentliyə həvalə olunub. Gələcəkdə bu həlləri reallaşdırmaqla iqtisadiyyatın bütün sahələrində tətbiq etmək mümkün olacaq.

İKT 2019-05-29 14:57:00