Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mərkəzi Seçki Komissiyası 2019-cu il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Bakı, 29 may, AZƏRTAC

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) birbaşa rəhbərliyi altında mayın axırınadək ardıcıl və intensiv şəkildə gerçəkləşdirilən əhatəli proses nəticəsində siyahılar yüksək dəqiqliklə və keyfiyyətlə hazırlanıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ilkin mərhələdə seçici siyahıları hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirdikdən sonra əlaqədar qurumlardan daxil olan məlumatlarla bir daha təhlil edərək siyahıları aprelin 5-dək MSK-ya təqdim ediblər. Bundan sonra isə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsi ilə bir daha dürüstləşdirərək prosesə yekun vurub.
Seçici siyahılarının dəqiqləşdirilməsi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, o cümlədən yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılıb, bu irimiqyaslı işə aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub. Həyata keçirilən müxtəlif layihələr, habelə MSK-nın qaynar xətləri və internet səhifəsindəki onlayn xidmət dəqiqləşdirmə prosesi ərzində vətəndaşlarımızın ixtiyarında olaraq, görülən işlərin effektivliyinin daha da yüksəldilməsinə mühüm töhfə verib.
Əvvəlki illərdə olduğu kimi, cari il də siyahıların dəqiqləşdirilməsi zamanı informasiya-kommunikasiya texnologiyalarının müasir yeniliklərindən və texniki imkanları daha da təkmilləşdirilən xüsusi proqram təminatlarından geniş istifadə edilməsi prosesin səmərəli həyata keçirilməsində və seçici siyahılarının yüksək standartlara uyğun tərtib və çap olunmasında əhəmiyyətli rol oynayıb.
MSK üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mayın 29-da vahid seçici siyahılarının 2019-cu il üzrə yenidən tərtib edilən variantı ilə tanışlıq olub. Komissiyanın İnformasiya mərkəzinin zalında əyani şəkildə keçirilən təqdimat mərasimində diqqətə çatdırılıb ki, seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi prosesi fasiləsiz onlayn rejimdə işləyən Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə həyata keçirilib. Sözügedən sistemin yaratdığı yüksək texnoloji və interaktiv məlumat mübadiləsi imkanı siyahıların dəqiqləşdirilməsi və ümumiləşdirilməsi prosesini daha da sürətləndirərək, seçicilər barədə məlumatların toplanması, onların orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar ehtimalına qarşı oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilməsi, eləcə də seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib.
Komissiya üzvləri seçici siyahılarının çapı və saxlanması şəraiti ilə tanış olduqdan sonra MSK-nın iclası keçirilib. Məzahir Pənahovun sədrlik etdiyi iclasda 2019-cu il üzrə seçicilərin daimi siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunları müzakirə olunub. Komissiya sədri M.Pənahov ilin əvvəlindən mayın sonunadək həyata keçirilən irimiqyaslı və əhatəli proses barədə geniş məlumat verib və bütün dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.
İclasda seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunları müzakirə edilib və MSK üzvləri ən son texnoloji nailiyyətlərdən də istifadə olunmaqla ilbəil həyata keçirilən dəqiqləşdirmə prosesindəki təkmilləşdirmələri və inkişaf dinamikasını xüsusi vurğulayıblar. Sonra Komissiya 2019-cu il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinin başa çatmış hesab edərək, respublika üzrə seçicilərin daimi siyahısının rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verib.
Qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5212902 seçici daxil edilib ki, onların da 49,17 faizi kişi, 50,83 faizi isə qadınlardır.
İclasda, həmçinin MSK-nın 2019-cu il 9 aprel tarixli iclasının protokolu təsdiq olunub, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Daxili siyasət 2019-05-29 15:35:00