×
A
A
A
Sazlamalar

MDB-yə üzv ölkələrin ekspertləri əməkçi miqrantların tibbi təminatı sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər

Bakı, 25 may, AZƏRTAC

Mayın 27-də Minskdə, Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində MDB-yə üzv dövlətlərin əməkçi miqrantların və onların ailə üzvlərinin tibbi sığortası məsələsində əməkdaşlığı haqqında Saziş layihəsinin tamamlanması üzrə ekspert qrupunun əlavə iclası keçiriləcək.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, sənəd Rusiya Federasiyası tərəfindən hazırlanıb və səhiyyə sahəsində dövlətlərarası qarşılıqlı fəaliyyətin bundan sonrakı inkişafına istiqamətlənib. Sənəd, həmçinin əməkçi miqrantların və onların ailə üzvlərinin gəldikləri ölkədə tibbi yardım alması üçün şərait yaradacaq.
Sazişin müddəalarının bütün əməkçi miqrantlara və onlarla birgə işlə təmin edən dövlətə gəlmiş ailə üzvlərinə, bu şəxslərin hüquqi statusundan asılı olmayaraq, aid ediləcəyi nəzərdə tutulur.
Sənəd əməkçi miqrantlara və onların ailə üzvlərinə bütün əmək miqrasiyası dövründə göstərilən tibbi sığorta əsasında, o cümlədən təqdim olunan tibbi yardımın növlərinin, şəraitinin, həcminin və keyfiyyətinin müəyyən edilməsində və onun ödənişində əlaqələndirilmiş sistemin yaradılması və bu sistemin fəaliyyətinin təmin olunması məsələlərində qarşılıqlı fəaliyyətin ümumi prinsiplərini müəyyən edir.
Saziş layihəsi ekspertlər tərəfindən qəti razılaşdırıldıqdan sonra ona baxılması üçün müəyyən edilmiş qaydada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasına təqdim olunması planlaşdırılır.

Səhiyyə 2019-05-25 17:26:00