×
A
A
A
Sazlamalar

Tbilisidə Azərbaycan və gürcü rəssamlarının əsərlərindən ibarət "Dostluq sərgisi" açılıb

Tbilisi, 25 may, AZƏRTAC

Mayın 25-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan və gürcü rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Respublikasının yaranmasının 101-ci ildönümünə həsr olunmuş sərginin açılışında Azərbaycan səfirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva iki qonşu və qardaş ölkələr olan Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərdən danışıb. Bu cür tədbirlərin münasibətlərimizin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Gürcüstan Rəssamlar İttifaqının sədri Quran Çerçvadze çıxış edərək ölkələrimiz arasındakı qədim tarixi dostluq münasibətlərinin bu gün də uğurla davam etdirildiyini və möhkəmləndiyini qeyd edib. Ölkələrimizin, xalqlarımızın tarixən eyni taleyi yaşadıqlarını vurğulayan Çerçvadze bu cür tədbirlərin təkcə mədəni əlaqələrin deyil, bütün sahələrdə münasibətlərimizin inkişafına xidmət etdiyini vurğulayıb.
Sonra jurnalist tərcüməçi Emin Mahmudov, politoloq Simon Kopadze, jurnalist Dursun Eyvazlı və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışıb, Azərbaycanın və Gürcüstanın müstəqilliyinin əbədi olduğunu qeyd ediblər.
Sərgi zamanı Gürcüstanda yaşayan və yaradan azərbaycanlı musiqiçilər, Ramin və Rasim Pirməmmədov qardaşları Azərbaycan xalq musiqilərini canlı ifa ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2019-05-25 17:13:00