×
A
A
A
Sazlamalar

BMT-nin Baş katibi: gənclərin enerjisi sayəsində Afrika sürətlə yeni eraya daxil olur

Bakı, 25 may, AZƏRTAC

Gənclərin enerjisi və tükənməz optimizmi sayəsində Afrika sürətlə yeni eraya – davamlı inkişaf erasına daxil olur. BMT Afrika İttifaqı ilə əməkdaşlıq şəraitində bu qitənin problemlərini həll etməyə hazırdır və belə layihələrə birinci dərəcəli əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu fikri mayın 25-də qeyd edilən Afrika Günü münasibətilə müraciətində bildirib.
BMT rəhbəri xatırladıb ki, bu il Afrika İttifaqının yaradılmasının 56-cı ildönümü qeyd edilir. “Fəxrlə deyə bilərəm ki, bizim əməkdaşlığımızda keyfiyyətcə irəliləyiş baş verib”, - deyən Baş katib iki təşkilatın hər il keçirdiyi birgə müşavirələri, sülhə dəstək əməliyyatlarını, davamlı inkişaf və iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində layihələri xatırladıb.
A.Quterreş deyib: “İqlim dəyişmələrinə Afrika ölkələrinin təsiri çox cüzidir, lakin məhz bu qitə həmin dəyişikliklərin ən dramatik və dağıdıcı nəticələrinin bir qismini öz üzərində hiss edir”. Onun sözlərinə görə, əgər bəşəriyyət istixana qazları tullantılarını qısa müddətdə azaltmağa nail olmasa, bunun ciddi nəticələri gözlənilir. O, BMT ilə Afrika İttifaqı arasında strateji tərəfdaşlığı daha da möhkəmlətməyə, qitənin üzləşdiyi problemləri qarşılıqlı hörmət əsasında birlikdə həll etməyə çağırıb.
BMT-nin qərarına əsasən, Afrika İttifaqının üzvü olan ölkələr hər il mayın 25-də Afrikanın Azad Edilməsi Gününü (hazırda Afrika Günü) qeyd edirlər. 1963-cü il mayın 25-də Afrika ölkələri hökumətlərinin Əddis-Əbəbədə (Efiopiya) keçirilmiş birinci konfransında dövlətlərarası Afrika Birliyi Təşkilatı (ABT) yaradılıb və 30 Afrika ölkəsi bu təşkilatın Nizamnaməsini imzalayıb.
ABT qitə ölkələrinin birliyini və həmrəyliyini möhkəmlətmək; Afrika dövlətlərinin hərtərəfli əməkdaşlığının əlaqələndirilməsi və inkişaf etdirilməsi, onların suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması; müstəmləkəçiliyin bütün növlərinin ləğv edilməsi və Beynəlxalq əməkdaşlığın təşviqi məsələlərini özünün hədəfləri kimi müəyyən edib.

Cəmiyyət 2019-05-25 13:11:00