×
A
A
A
Sazlamalar

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan “Hematologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistandan olan alim hematoloq və transfuzioloqlar iştirak ediblər.
Tədbirdə çıxış edən institutun direktoru Zöhrə Əlimirzəyeva bu günün hematoloqlar üçün əlamətdar gün olduğunu qeyd edib. O bildirib ki, ölkəmizdə səhiyyə sahəsində ciddi islahatlar aparılır, tibb müəssisələrinin maddi texniki-bazası möhkəmləndirilir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları qəbul edilib. İnstitut da səhiyyənin inkişafında əldə edilən dinamik inkişaf tendensiyasından geri qalmayıb. Azərbaycanda hematologiya sahəsində böyük işlər görülüb, əhaliyə göstərilən hematoloji xidmət standartlara uyğun şəkildə qurulub. İnstitutun binası əsaslı təmir edilib, laboratoriyalar, eləcə də qurumun nəzdində və 8 bölgədə yerləşən qan bankları ən müasir avadanlıq və reaktivlərlə təmin olunub. Həmçinin burada çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilib. Ölkəmizdə hematologiya və transfuziologiya sahəsi daim diqqət mərkəzində saxlanılır. Son zamanlar bu sahədə Milli Məclis tərəfindən 3 qanunun, Nazirlər Kabineti tərəfindən isə 4 dövlət proqramının qəbul edilməsi bu diqqətin bariz nümunəsidir.
Z.Əlimirzəyeva qeyd edib ki, Azərbaycanda talassemiya ilə mübarizədə köklü dəyişikliklər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən “Talassemiyasız həyat naminə” layihəsinin həyata keçirilməsindən sonra qeydə alınıb. Milli Məclis Ailə Məcəlləsinə dəyişikliklər barədə Qanun qəbul etdikdən sonra talassemiyanın profilaktikası proqramının müvəffəqiyyətlə həyata keçirilməsinə başlanılıb: “İndiyədək yarım milyondan çox insan müayinə olunub, 20 mindən çox talassemiya daşıyıcısı aşkarlanıb. 204 cütlüyün isə hər ikisində talassemiyaya rast gəlinib. Onlara genetik konsultasiyalar verilib, hamiləlik dövründə perinatal müayinə aparılaraq xəstə uşaqların doğulmasının qarşısı alınıb. Görülən tədbirlər nəticəsində doğulan xəstə uşaqların sayı azalıb”.
Direktor rəhbərlik etdiyi qurum haqqında məlumat verərək institutda indiyədək keçirilən beynəlxalq tədbirlər haqqında danışıb.
Z.Əlimirzəyeva konfransda qanın bədxassəli xəstəliklərinin, irsi xəstəliklərin və transfuziologiyanın müxtəlif aspektlərinin müzakirə ediləcəyini, həmçinin hematologiyanın aktual problemləri üzrə məlumat mübadiləsi aparılacağını və beləliklə, iştirakçılar üçün bu sahədə son elmi nailiyyətləri izləmək imkanı yaranacağını diqqətə çatdırıb.
Sonra Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu: 75 illik tarixlə gələcəyə” mövzusunda təqdimatla çıxış edərək institutun tarixi haqqında məlumat verib.
Konfrans müxtəlif mövzularda məruzə və müzakirələrlə davam etdirilib.

Səhiyyə 2019-05-25 11:00:00