×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramına həsr olunmuş bilik yarışında 17 komanda mübarizə aparıb

Bakı, 24 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramına həsr olunmuş bilik yarışı keçirilib. Nazirliyin təşkilatçılığı ilə keçirilən yarışda bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və jurnalistlər iştirak edib.
AZƏRTAC-xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 17 komanda mübarizə aparıb. “Xəmsə” formatında üç mərhələdən ibarət olan bilik yarışında yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Digər dörd komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıb.
Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin komandası birinci, İqtisadiyyat Nazirliyinin komandası ikinci, Dövlət Turizm Agentliyinin komandası isə üçüncü yeri tutub.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bilik yarışmasında maksimal nəticə göstərərək qalib gələn komandaların üzvlərini təbrik edib, onlara daha böyük uğurlar arzulayıb. Qalib komandalara diplomlar və mükafatlar təqdim olunub.
Yarışda qalib olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini təmsil edən komandanın kapitanı Fərid Mirzəyev öz təəssüratlarını bölüşərək yarışa çox qısa vaxt ərzində hazırlaşaraq komandalarını formalaşdırdıqlarını qeyd edib. O, qalib gəldiklərinə görə sevindiklərini ifadə edərək, təşkilatçılara minnətdarlığını bildirib.
Bilik yarışmasının üçüncüsu olan Dövlət Turizm Agentliyinin komandasının üzvü Rüstəm Mehdizadə bilik yarışının dövlət qurumları arasında ilk dəfə təşkil olunduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirak edən komandalar maraqlı yarışmanın təşkilinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlıqlarını bildirib və bu cür intellektual yarışmaların keçirilməsinin çox vacib olduğunu qeyd ediblər.

Ekologiya 2019-05-24 19:54:00