×
A
A
A
Sazlamalar

Muxtar respublikada aztəminatlı ailələrin məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir

Naxçıvan, 24 may, AZƏRTAC

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların təşkilinə kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün rayonlar üzrə, ümumilikdə, 18 aztəminatlı ailə müəyyənləşdirilib və 14 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə inkubator aparatı, 1 nəfərə isə dülgər avadanlıqları verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Nicat Babayev qeyd edib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Bu məqsədlə uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə kömək göstərilir.
Nazir bildirib ki, ötən dövrdə özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsirini göstərib.
Sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən ailə təsərrüfatlarının təmsilçiləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıblar.

Regionlar 2019-05-24 11:58:00