×
A
A
A
Sazlamalar

Xalq yazıçısı Çingiz Abdullayevin “Torjestvo xama” kitabının təqdimatı olub

Bakı, 24 may, AZƏRTAC

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Xalq yazıçısı Çingiz Abdullayevin “Torjestvo xama” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak ediblər.
Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, onun növbəti kitabı janrına görə – siyasi detektivdir. O, rastlaşdığı maraqlı hadisələrdən, iştirakçısı olduğu əhvalatlardan danışıb və oxucuların suallarını cavablandırıb. Bildirib ki, mütaliəni vacib sayır, Amerika yazıçısı Rey Bredberi çox sevir. Eyni zamanda, Heminquey, Remark, Şekspir, Dostoyevski, Ayzek Azimov və Con Uindomun əsərlərini də maraqla oxuyur.
Azərbaycan yazıçılarından isə Anarın, Natiq Rəsulzadənin kitablarından təsirləndiyini bildirən Çingiz Abdullayev peşəkar yazıçı olmağın sirrinin zəhmət, istedad və şans olduğunu söyləyib. Qeyd edib ki, şans hər adama nəsib olmur. Bu yolu seçən adam ilk növbədə özünə inanmalı, ikincisi isə çox oxumalı, dünyanı öyrənməlidir.
Tədbirdə Yasamal rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Yeganə Qafarova kitabxananın oxucuları arasında aparılan sorğuların nəticəsinə görə ən çox oxunan müəllifin Çingiz Abdullayev olduğunu qeyd edib.
Sonda Xalq yazıçısı müəllifi olduğu kitabları imzalayaraq onu sevənlərlə xatirə şəkilləri çəkdirib.

Mədəniyyət 2019-05-24 11:42:00