×
A
A
A
Sazlamalar

“Qədim” ləqəbli narkotacir saxlanılıb

Bakı, 24 may, AZƏRTAC 

Sabunçu rayonunda ictimai-asayişi pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram heroin aşkar edilərək götürülüb.
H.Vəlizadə ifadəsində narkotik vasitəni “Qədim” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində H.Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da tutularaq saxlanılıb. Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram heroin aşkarlanaraq götürülüb. İ.Qədimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hadisə 2019-05-24 10:42:00