×
A
A
A
Sazlamalar

Yaponiya hökuməti kibertəhlükəsizliklə bağlı əlavə maliyyələşdirmə məsələsini müzakirə edəcək

Tokio, 24 may, AZƏRTAC

Yaponiya hökuməti zərərli funksiyalara malik telekommunikasiya avadanlığının aşkar edilməsi üçün növbəti maliyyə ilində büdcədən əlavə vəsait ayrılması məsələsini müzakirə edəcək.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məsələ Yaponiya hökuməti yanında kibertəhlükəsizlik üzrə xüsusi qrupun iclasında müzakirə edilib.
Xatırladaq ki, ötən həftə ABŞ-ın Maliyyə Nazirliyi, Yaponiya da daxil olmaqla, ABŞ-da və digər ölkələrdə fəaliyyət göstərən şirkətlərə Çinin “Huawei” şirkəti və onunla əlaqədar 68 digər qurumlarla işbirliyini qadağan edib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa iclasda çıxışı zamanı bildirib ki, real və virtual dünyaların fəal yaxınlaşması nəticəsində kiberhücum təhlükəsi artır. Y.Suqa Nazirlər Kabinetinin üzvlərini fəal və fasiləsiz tədbirlərin görülməsi üçün cəmiyyətə yardım etməyə çağırıb.
Xüsusi qrup, həmçinin hökumətin və kibertəhlükəsizliklə məşğul olan şirkətlərin kiberhücumların qarşısını almaq üçün istifadə etdiyi sistemlərin işinin yaxşılaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin xahiş edilməsi barədə qərar qəbul edib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-05-24 08:46:00