×
A
A
A
Sazlamalar

Lerikdə yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir

Astara, 24 may, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin sosial-iqtisadi inkişafına birbaşa təsir edən amillərdən biri də yol infrastrukturudur. Prezident İlham Əliyevin söylədiyi “Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir” sözləri bu infrastrukturun əhəmiyyətini aydın ifadə edir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər Lerik rayonunda da yol infrastrukturunun yenilənməsi istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib.
Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Rayonun avtomobil yolları əsasən torpaq örtüklüdür. Lerik şəhərində 37 küçə mövcuddur. Şəhərdaxili yolların ümumi uzunluğu 29,15 kilometrdir. 2007-2011-ci illərdə şəhərdaxili yollar tam asfaltlaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq 2011-ci ildə Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı şəhərdə tikinti işləri aparılarkən şəhərdaxili küçələrin asfalt örtüyü dağılmışdı. Hazırda su xətlərinin çəkilişi başa çatdığına görə küçələrə asfalt vurulur.
56 kilometrlik Lənkəran-Lerik avtomobil yolu sərt döngələrdən keçməklə ötən əsrin 30-cu illərində məhdud texnikadan (əsasən əl əməyi) istifadə edilməklə inşa olunub. Bu yol Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2005-ci ildə yenidən qurulub. Lakin ötən illərdə baş verən ekzogen proseslər səbəbindən və Ələt-Astara beynəlxalq avtomobil yolunun tikintisi ilə əlaqədar yolda iritonnajlı avtomobillərin hərəkəti nəticəsində yolun böyük hissəsi sıradan çıxmış, avtomobillərin intensiv hərəkəti çətinləşmişdi.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə imzaladığı sərəncamlarla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına əlavə vəsait ayrılıb və hazırda yolun tikintisində işlər sürətlə davam etdirilir.
Rayon üzrə 469 kilometr yerli əhəmiyyətli kəndarası avtomobil yolu istismardadır. Yerli əhəmiyyətli yolların 232,5 kilometri torpaq, 155,9 kilometri qırmadaş-çınqıl, 80,6 kilometri isə asfalt beton örtüklüdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olmaq üçün iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən 26,5 kilometrlik Lerik-Qosmalian-Kəlvəz, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah, doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən 27 kilometrlik Piran-Hamarat-Vıjaker əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər Planında yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi, o cümlədən Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Hazırda 21 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolunda tikinti işləri davam etdirilir.
Lerikdə, həmçinin daxili imkanlar hesabına Noda, Günəşli, Əliabad, Piran, Qosmalian, Anbu, Blaband, Osnağaküçə, Mondigah kəndlərinə gedən avtomobil yollarında 15 kilometrdən çox əraziyə asfalt döşənib. Bürsülüm, Davradibi, Almu, Təbrizli, Bibiyanı, Bobogil, Monidigah, Mastayıl, Nücü, Murya, Livədirqə kəndlərinə gedən avtomobil yolları üzərində yeni körpülər inşa edilib.
Müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir. Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir.
Yol infrastrukturunun yenilənməsi kənd təsərrüfatının inkişafına da təkan verir. Kənd əhalisi bu yollarla rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmaq imkanı əldə edirlər.

Regionlar 2019-05-24 03:12:00