×
A
A
A
Sazlamalar

FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Bakı, 23 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Ağcabədi rayonu 40 nömrəli Yol İstismarı MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda mülki müdafiə məşqi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqə Qarabağ Regional Mərkəzinin, MMC-nin rəhbər heyəti, müəssisənin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb edilib.
Məşq iki mərhələdə keçirilib. Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlayıb. Məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb. Müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələr dəqiqləşdirilib.
Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətinin düzgün qərarlar qəbul etmək, mülki müdafiə qüvvələrinin hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı nümayış olunub. Baş vermiş şərti fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış) barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib. Xəsarət alanlar təhlükəli ərazidən çıxarılıb, ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib. Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə əksini tapıb və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanıb.
Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub.

Sosial 2019-05-23 21:00:00