×
A
A
A
Sazlamalar

Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri İslam Universitetləri Assosiasiyasının baş katibi seçilib

Qahirə, 23 may, AZƏRTAC

Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Üsəmə əl-Abd İslam Universitetləri Assosiasiyasının baş katibi seçilib.
Bu barədə Üsəmə əl-Abd AZƏRTAC-ın xüsusi müxbirinə məlumat verib. O deyib ki, bu vəzifədə çalışdığı müddətdə Azərbaycan universitetlərinin dünya universitetləri ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək. “Mən Azərbaycanla Misir arasındakı əlaqələrin inkişafına töhfə vermək niyyətindəyəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə əlaqələri genişlənsin, yaxın gələcəkdə Azərbaycan universitetləri bu böyük beynəlxalq təşkilata üzv qəbul olunsun”, - deyə o əlavə edib.
Üsəmə əl-Abd ölkələrimiz arasındakı əlaqələri yüksək qiymətləndirib. O qeyd edib ki, İslam Universitetləri Assosiasiyasının əsas məqsədlərindən biri də müsəlman ölkələrindəki təhsil ocaqlarını əlaqələndirmək, onların arasında münasibət qurmağa yardım göstərmək, müvafiq tədbirlər keçirməkdir.
Hazırda bu assosiasiyaya 200 universitet daxildir. Bu qurum bütün dünya universitetləri ilə həm elmi araşdırmalar sahəsində, həm də beynəlxalq konfransların və digər tədbirlərin təşkilində əməkdaşlıq edir.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Cəmiyyət 2019-05-23 20:23:00