×
A
A
A
Sazlamalar

Radikalizm və ekstremizmlə mübarizədə təsirli metodlardan biri də maarifləndirmədir

Bərdə, 23 may, AZƏRTAC

Bərdə rayon Xan Qaraqoyunlu kənd orta məktəbində “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin, Bərdə rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərdar Məmmədov çıxışında bildirib ki, radikalizm bəlasından uzaq qalmağın yollarından biri gənclərin təhsilli, intellektual və dünyagörüşlü olmasıdır. O, DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi barədə ətraflı məlumat verərək, dini radikalizmdən əziyyət çəkən ailələrin acı taleyindən, Vətən uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edib.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli radikalizm və ekstremizmlə mübarizədə maarifləndirmənin təsirli metodlardan biri olduğunu bildirib, radikalizmlə mübarizədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü deyib.
Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Asif Abbasov gənclərin milli ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb.
Orta məktəbin direktoru Nizami İsayev isə Azərbaycanda etiqad azadlığının tam təmin olunduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Regionlar 2019-05-23 18:37:00