×
A
A
A
Sazlamalar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub

Bakı, 23 may, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə Avropa və MDB ölkələrində “Rəqəmsal iqtisadiyyatın əsası kimi İKT infrastrukturu” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri, həmçinin Dövlət Radiotezliklər İdarəsinin mühəndisləri təmsil ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 14-dən 16-dək keçirilən seminarın əsas məqsədi rəqəmsal iqtisadiyyatın əsası kimi 4G və 5G şəbəkələrinin inkişafı üçün hüquqi və tənzimləyici infrastrukturun yaradılması olub. Tədbirdə bu sahə ilə yanaşı, spektr tələbləri, 5G pilot layihələri üzrə araşdırmaların aparılması və layihələndirilməsi, kibertəhlükəsizliklə bağlı çətinliklərin aradan qaldırılması və yeni texnologiyaların tətbiqində innovativ metodlardan istifadə ilə bağlı müxtəlif müzakirələr aparılıb.
Seminarda 5G şəbəkələrinin fəaliyyəti ilə bağlı nümunələr və pilot layihələr, həmçinin texnoloji irəliləyiş və iqtisadi inkişaf arasında olan asılılıq kimi məsələlər nəzərdən keçirilib. Rəqəmsal iqtisadiyyatın, habelə hüquqi və tənzimləyici mühitin inkişaf etdirilməsi üçün İKT infrastrukturunun yaradılması, şəbəkələrin inkişafının və fəaliyyətinin dəstəklənməsi, eləcə də 4G və 5G innovativ xidmətlərin göstərilməsi kimi mühüm məsələlər müzakirə olunub.
Həmçinin təşkilatçı ölkənin, eləcə də iştirakçı dövlətlərin nümayəndələri Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən nəzərə alınan və gələcəkdə istifadə olunacaq praktiki tədbirlər barədə təkliflərini veriblər.

İKT 2019-05-23 18:13:00