×
A
A
A
Sazlamalar

“Azərbaycan” jurnalının may nömrəsində...

Bakı, 23 may, AZƏRTAC

“Azərbaycan” jurnalının növbəti aprel nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, nəşrin bu nömrəsi İ.V.Hötenin “Qərb-Şərq Divanı” ilə başlayır. Dünya şöhrətli əsəri dilimizə Sabir Rüstəmxanlı tərcümə edib. Tərcüməçinin “Ön söz”ü də Höte dünyasına yaxşı bələdçilik edir.
Şeirsevərlər Nisə Bəyim, Fəridə Ləman, Ayaz Arabaçı, Mübariz Məsimoğlu və Fəxrəddin Teyyubun şeirləri ilə tanış ola biləcəklər.
Jurnalın nəsr bölməsində Yaşar Bünyadın “Azan gəmilər” povesti, Səhər Əhməd, Mahir Cavadlı, Pərvanə Bayramqızının hekayələri və Nərmin Fərzəlinin esseləri dərc olunub.
Jurnalın bu nömrəsində böyük türkçü Əhməd Ağaoğlunun vəfatının 80 illiyi müasirlərinin Türkiyə mətbuatında çıxışları ilə anılır. Yazıları Vilayət Quliyevin “Türkiyəni duyğulandıran ölüm” başlıqla maraqlı “Ön söz”ü müşayiət edir.
“Ədəbi talelər”də Günel Natiq bu dəfə Gi de Mopassanı tanıdır. “Publisistika” rubrikasında Fuad Vəliyevin kimliyimiz haqqında düşüncələrinin yer aldığı “Katarsisi” essesi həm də vətəndaşlıq mövqeyi ilə maraqlıdır.
Ədəbiyyatşünas Səadət Vahabova Mirzə Cəlil yaradıcılığının özəlliklərindən bəhs edən məqalə ilə çıxış edir. “İsti-isti” rubrikasında tənqidçi Nərgiz Cabbarlı Məmməd Orucun “Malakan kəndinin payızı” povesti, yazıçı Firuz Mustafa isə İlqar Fəhminin “Gürgan şərabı” əsəri ilə bağlı düşüncələrini bölüşüb.
“Ədəbi kaleydoskop” bələdçiniz Zümrüd Əhmədova bu dəfə iki ünvan seçib: Boris Pasternak və Erix Mariya Remark.
“Kitab rəfi” oxucuları yeni nəşr nümunələri ilə tanış edir.

Mədəniyyət 2019-05-23 17:07:00