×
A
A
A
Sazlamalar

Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilib. Fond ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyaclarına və əmək bazarının tələbatına uyğun olaraq gənclərin Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas üzrə magistr təhsilini maliyyələşdirəcək. ABŞ-ın və Böyük Britaniyanın ən yaxşı 100 universitetində magistr pilləsi üzrə təqaüd qazanmış gənclərin nəqliyyat və yaşayış xərcləri də Gənclər Fondu tərəfindən ödəniləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov mayın 23-də “Xaricdə təhsil” proqramının elan olunması ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
F.Cəfərov bildirib ki, müsabiqə şərtlərinə əsasən, ali təhsilin magistr pilləsi üzrə prioritet ixtisaslara qeyd edilən universitetlərdən hər hansı birinə qəbul olan 16-29 yaşlı Azərbaycan vətəndaşları Fonda müraciət edə bilərlər. Müraciətlər iyunun 23-də saat 18:00-dək qəbul ediləcək. Maraqlananlar müraciətlər, prioritet ixtisasların siyahısı, seçim meyarları, müraciətin forma və şərtləri, tələb olunan sənədlər, müraciətə baxış mərhələləri, Gənclər Fondu tərəfindən ödəniləcək xərclər barədə ətraflı məlumatı Fondun www.youthfoundation.az  saytından əldə edə bilərlər.

Cəmiyyət 2019-05-23 17:14:00