×
A
A
A
Sazlamalar

Con Terri İngiltərənin “Midlsbro” klubuna rəhbər təyin edilə bilər

Bakı, 23 may, AZƏRTAC
Futbol üzrə İngiltərə yığmasının və “Çelsi” komandasının keçmiş müdafiəçisi Con Terri İngiltərənin “Midlsbro” klubuna rəhbər təyin edilə bilər.
AZƏRTAC xəbər verir ki, bu futbolçu keçən il oktyabr ayında öz idman karyerasını başa çatdırdığını elan edib.
Məlumata görə, “Midlsbro” klubunun rəhbərliyi 38 yaşlı mütəxəssisin xidmətlərinə maraq göstərib. Komandanın baş məşqçisi vəzifəsinə daha bir namizəd kimi 50 yaşlı argentinalı Qabriel Batistutadan da söhbət gedir. Hazırda Terri İngiltərənin “Aston Villa” klubunun baş məşqçisi Din Smitin assistentidir.
1998-2017-ci illərdə “Çelsi”nin heyətində çıxış etmiş Terri 5 dəfə İngiltərə çempionu, 5 dəfə ölkə kubokunun sahibi, 2 dəfə superkubokun sahibi olub. O, londonlu futbolçuların Çempionlar Liqasında (2012) və Avropa Liqasında (2013) qalib gəlməsinə kömək edib. Müdafiəçi “Çelsi”nin heyətində 717 oyun keçirib, bu oyunlarda 65 qol vurub və hər biri qol ilə nəticələnmiş 29 ötürmə edib, İngiltərə yığmasının heyətində keçirdiyi 78 matçda isə 6 qol vurub və hər biri qol ilə nəticələnmiş 3 ötürmə edib.
Keçən mövsümdə Con Terri İngiltərə çempionatının (Çempionşip) ikinci ən güclü divizionunda “Aston Villa”nın heyətində çıxış edib, bu klubla bərabər 36 matç keçirib və 1 qol vurub. Mövsüm başa çatandan sonra onun kontraktının müddəti də başa çatıb. “Aston Villa” ona əməkdaşlığı davam etdirməyi təklif edib, lakin tərəflər razılığa gələ bilməyiblər. Keçən il sentyabr ayında Moskvanın “Spartak” komandası bu futbolçuya kontrakt təklif edib, lakin ingilis bu təklifə rədd cavabı verib.
2018/2019-cu illər mövsümündə “Midlsbro” çempionşipin yekun cədvəlində 46 matçda 73 xal toplayaraq 7-ci yeri tutub. Klub 4 dəfə (1926/27, 1928/29, 1973/74, 1994/95) çempionşipin qalibi olub. 2003/2004-cü illər mövsümündə Liqa kubokunu qazanmış bu komanda 1996/97-ci illər mövsümündə İngiltərə kubokunun finalında, 2005/2006-cı illər mövsümündə isə UEFA kubokunun finalında oynayıb.

İdman 2019-05-23 17:08:00