×
A
A
A
Sazlamalar

YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin hesabat konfransı keçirilib

Bakı, 23 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının təkcə Azərbaycanın deyil, regionun ən nəhəng, aparıcı siyasi təşkilatı olduğunu diqqətə çatdırıb. Dövlətin gənclərə qayğısından bəhs edən M.Mirzəyev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib: “Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb. Sevindirici haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Sonra YAP Gənclər Birliyinin sədri Anar Alışovun hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında Birliyin sədr müavini Əfsanə Mahmudzadə, təşkilat fəalları Ruslan Ataşlı və Şaiq Zaidli çıxış ediblər.
Konfransda bildirilib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı. Bütün işlər Azərbaycanın gələcəyi və gəncliyi üçün görülürdü. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumağa, inkişaf etdirməyə, gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirməyə xidmət edirdi.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, diqqəti o zamankı siyasi vəziyyətə yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində ölkəmizin düşdüyü son dərəcə çətin vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi: “Yaranmış belə bir ağır vəziyyətdə müstəqilliyimizi və dövlətçiliyimizi yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan bölünmək təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməlləri qoyuldu. Sevindirici haldır ki, hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır”.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin 21 nəfərdən ibarət Şura və 9 nəfərdən İdarə Heyətinin tərkibi müəyyənləşib. Eyni zamanda, səsvermə nəticəsində Əfsanə Mahmudzadə YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib.

Regionlar 2019-05-23 17:01:00