×
A
A
A
Sazlamalar

Göygölün Aşağı Zurnabad qəsəbəsi qazlaşdırılır

Bakı, 23 may, AZƏRTAC
Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsinin qazlaşdırılmasına başlanılıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq, son illər birlik tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Cari ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. Ölkəmizin çətin reylefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində aparılan tədbirlər sürətlə davam etdirilir. Bu gün ölkəmizin ən ucqar ərazilərinə belə qaz xətti çəkilir, əhalinin “mavi yanacaq”dan istifadəsi üçün lazımi addımlar atılır. Aparılan işlər çərçivəsində hazırda Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsinin qazlaşdırılmasına başlanılıb. Qəsəbə sıldırım qayalıqlarla əhatə olunub. Olduqca çətin coğrafi relyefdə yerləşdiyindən bu qəsəbədə sovetlər dönəmində belə “mavi yanacaq” olmayıb. Əhali qaza olan tələbatını ancaq odunla ödəyib. Bu gün isə qəsəbənin ən ağrılı problemi aradan qaldırılmaqdadır. Tərtib edilmiş layihəyə uyğun olaraq, Aşağı Zurnabad qəsəbəsinin “mavi yanacaq”la təmin olunması məqsədilə ümumi uzunluğu 4 min 443 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. İşlərə mayda başlanmasına baxmayaraq, tezliklə qəsəbəsinin qazlaşdırılması tam yekunlaşacaq.
Son zamanlar respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi, Gəncə şəhəri də inkişaf etməkdədir. Burada yaradılan şərait nəticəsində mənzillərin sayı durmadan artmaqda davam edir. Bu məqsədlə 90 fərdi evdən ibarət olan Gəncə şəhəri Sevil Qazıyeva küçəsində yeni massivin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB-yi tərəfindən 5 min 15 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir evə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılması işləri aparılır.
Qeyd olunan yaşayış məntəqələrinə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək.

Regionlar 2019-05-23 15:55:00