×
A
A
A
Sazlamalar

Füzulidə epizootiya əleyhinə tədbirlər davam etdirilir

Bakı, 23 may, AZƏRTAC
Füzuli rayonunda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlimi davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Füzuli Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillər nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə olunur. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
İlin əvvəlindən bəri 34850 baş iribuynuzlu, 1369 baş təkdırnaqlı heyvanda qarayara, 34664 baş iribuynuzlu və 99440 baş xırdabuynuzlu heyvanda dabaq, 34311 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 1452 baş xırdabuynuzlu heyvanda bruselyoz (Rev-1 vaksini) xəstəliklərinə qarşı peyvənd aparılıb. Bundan başqa, cari ilin ötən dövründə 2123 baş sahibli itdə quduzluq, 2429 baş iribuynuzlu heyvanda leptospiroz xəstəliyinə, 137080 baş (“H” ştammı ilə) quş və 431310 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə əməl olunaraq həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1463 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib, 287 baş iribuynuzlu heyvanda vərəmə qarşı allergik müayinə aparılıb.
May ayında iri və xırdabuynuzlu heyvanlarda dabaq (A, O tiplərinə qarşı), xırdabuynuzlu heyvanlarda çiçək, quşlarda nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinə başlanılıb. Mayın sonuna kimi qeyd edilən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub. Sonrakı aylarda iri və xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılacaq. Eyni zamanda, iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), qoçlarda bruselyoz və epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Kənd təsərrüfatı 2019-05-23 15:51:00