×
A
A
A
Sazlamalar

® “Run Group” məşhur kardioloqları Bakıya topladı – həm səhiyyə, həm də əhali faydalanacaq

Dünyanın nüfuzlu tibbi təsisatlarından olan ICI Meeting Bakıda “Kardilogiyada innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirib. “Fairmont Baku” mehmanxanasının konfrans zalında gerçəkləşən “ICI Meeting Baku 2019” tədbirində dünyanın müxtəlif ölkələrindən tanınmış tibb mütəxəssisləri bir araya gəlib. 

Tədbirin Azərbaycandakı təşkilati məsələlərini “Run Group MMC” və bu şirkətlər qrupuna daxil olan "Run Health" həyata keçirib. Konfransın tərəfdaşları isə Azərbaycan Kardiologiya Cəmiyyəti, İsrailin Ürək Cəmiyyəti və Hadassa Dövlət Tibb Mərkəzi olublar.
“Run Group”dan verilən məlumata görə, konfransda Azərbaycan, İsrail, Türkiyə, Belçika, Fransa, İtaliya, Yunanıstan, ABŞ-dan kardiologiya üzrə mütəxəssislər, məşhur professorlar iştirak ediblər.
Qeyd edək ki, ICI Meeting-in təşkilat komitəsi İsraildə yerləşir və yarandığı 24 il ərzində ilk dəfədir ki, konfransın əlahiddə olaraq Bakıda təşkil edilməsi barədə qərar qəbul edilib. Bu, həmçinin ICI Meeting-in postsovet məkanında təşkil etdiyi ilk tədbir olub.
İsrailin Hadassa Dövlət Tibb Mərkəzinin professoru, invaziv kardioloq Boris Varşitskinin fikrincə, bu cür konfranslar Azərbaycan səhiyyəsinə də töhfə verir: “Biz ICI Meeting kimi nüfuzlu beynəlxalq təsisatdan danışırıq. Burada innovasiyalar və yeni texnologiyalar, kardiovaskulyar sistemin patologiyası, onun akademik öyrənilməsi və ürəkdə intervensiyasına xüsusi diqqət yetirilir. Görürəm ki, Azərbaycandakı həmkarlarım tərəfindən bu məsələlərə böyük maraq var və bu məni çox sevindirir. Hesab edirəm ki, Azərbaycanda tibbin inkişafı üçün böyük potensial var. Məncə, Azərbaycan səhiyyəsinin dünya, xüsusən, coğrafi və ya sosial-iqtisadi vəziyyətinə görə yaxın olan ölkələrin səhiyyə sistemlərinə düzgün inteqrasiyası çox vacibdir. Bu əməkdaşlıq böyük uğurlar vəd edir”.
İsrailin Ürək İnstitutunun rəhbəri, professor Çeym Lotan qeyd edib ki, belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır: “Mən Bakıda olduğuma görə çox fəxr edirəm. Hesab edirəm ki, Azərbaycanda tibb yüksək səviyyəyə çatıb. Dünyanın müxtəlif ölkələrində bu sahədə tədqiqat aparan şəxslərin burada toplaşmaq imkanı qazanması çox əhəmiyyətlidir. “Run Group”a isə belə bir konfransın keçirilməsinə dəstək verdiyi üçün çox təşəkkür edirəm!”.
Xatırladaq ki, bunadək də “Run Group”un dəstəyi ilə Azərbaycanda tibb sahəsində müxtəlif seminar və konfranslar təşkil edilib. “Run Group” şirkətinin prezidenti İranə Talışxanova bildirib ki, onlar Azərbaycanın tibb elminə və səhiyyəsinə dəstəklərini bundan sonra da davam etdirəcəklər: “Bizim üçün digər sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsinin və tibb elminin dünyada aparıcı ölkələr səviyyəsində olması çox önəmlidir. “Run Group” bu məqsədlə hər zaman öz dəstəyini verib və bugünkü tədbir də bu silsilədəndir. Biz bu istiqamətdəki dəstəyimizi gələcəkdə də davam etdirəcəyik”.
Konfransda müxtəlif ürək xəstəlikləri və onların müayinə və müalicəsində yeni elmi-praktik yanaşmaların, o cümlədən müxtəlif innovasiyaların tətbiqinə dair mühazirələr dinlənilib, elmi mübadilələr aparılıb.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov qeyd edib ki, bu konfrans azərbaycanlı mütəxəssislər üçün çox faydalı olacaq: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı problemlər çoxdur. Konfrans azərbaycanlı mütəxəssislərin müasir elmi-tibbi yeniliklər və bilgilərlə tanış olması baxımından da mühüm əhəmiyyət kəsb edib. Baxmayaraq ki, ürək xəstəliklərinin müalicəsində istər dərman müalicəsi, istərsə də qeyri-dərman müalicəsində çox nailiyyətlər əldə olunub, bununla belə yeni texnologiyaların tətbiqinə böyük ehtiyac var. Hansı ki, burada onlar haqqında həm elmi məlumatlar verilib, həm də yeni texnologiyalar auditoriyaya çatdırılıb. Mən inanıram ki, belə tədbirlərin keçirilməsi Azərbaycan kardiologiyasının inkişafına bir az da dəstək verəcək”.
Tədbir çərçivəsində elmi-praktik mühazirələrlə yanaşı sərgi və işgüzar görüşlər də baş tutub. Sərgidə müxtəlif tibb müəssisələri, dərman və tibbi avadanlıqlar istehsal edən, eləcə də digər şirkətlər təmsil olunublar. Məhz bu əsnada baş tutan işgüzar müzakirələr nəticəsində “Run Group” ilə İsrailin “PMI Science” şirkəti arasında əməkdaşlığa dair razılıq əldə edilib.
“PMI Science” şirkətinin tibbi və elmi əlaqələr üzrə meneceri Noam İgra deyib ki, bu əməkdaşlıq Azərbaycanda insanların nikotinli siqaretin zərərindən qurtulmasına yönələcək və onlara alternativ məhsul təqdim ediləcək: “İnsanlar siqaret çəkərkən nikotin qəbul edirlər. Bizim əsas işimiz isə siqareti tərk etmək istəyənlərə alternativ variantlar təqdim etmək, onların sağlamlığına ziyan vurulmasının qarşısını almaqdır. Biz xüsusi hazırlanmış tütünü yaratdığımız aerozolla qarışdırırıq. Tüstü olsa da, onun zərəri yoxdur. Bu, sadəcə aerozoldur və onun təsiri ilə nikotinin miqdarı maksimum azalır, istehlakçının zəhərlənməsi minimuma endirilir”.
İsrailin Ürək İnstitutunun rəhbəri, professor Çeym Lotan hesab edir ki, bu əməkdaşlıq Azərbaycanda insanların sağlamlığı baxımından böyük dəyişikliklərə gətirib çıxara bilər: “Azərbaycanda siqaret çəkməyin böyük problem olduğunu sizin küçələri gəzəndə gördüm. Düşünürəm ki, atılan bu addım məsələnin həllində böyük rol oynayacaq. Məncə bu üsulla Azərbaycanda siqaret çəkmə problemi həllini tapacaq”.
“Run Group” şirkətinin prezidenti İranə Talışxanova isə məsələyə daha konkret münasibət bildirib: “Biz siqaretə “YOX” deyirik!”
Xatırladaq ki, fəaliyyətini Azərbaycanda, əsasən, qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələrə malikdir. Şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial, eləcə də ekoloji sahələrdə genişmiqyaslı layihələr gerçəkləşdirir.

Səhiyyə 2019-05-23 15:59:00