×
A
A
A
Sazlamalar

Bu il daha 5 rayonda torpaqların elektron kadastr uçotu işləri tam yekunlaşıb

Bakı, 23 may, AZƏRTAC

Bu il daha 5 rayonda, ümumilikdə isə 35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, ölkənin torpaq balansı dəqiqləşir, regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, o cümlədən torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Nəticədə vətəndaşlara məxsus torpaqların sahəsi bilinir, torpaq istifadəçiliyi ilə bağlı düzgün qərarlar qəbul olunur. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı torpaqların elektron kadastr uçotu nəticəsində reallaşır.
Müasir yanaşmalara, elmi texniki nailiyyətlərin tətbiqinə əsaslanan kadastr işləri cari ildə də bir neçə rayonda yekunlaşıb. Belə ki, bu ilin birinci rübündə 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri tamamlanıb. Ümumilikdə isə 35 rayonda uçot işləri başa çatıb. İşlərin yekunlaşdığı rayonlardan 26-sında layihənin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatları keçirilib. Həmçinin 15 rayonunun məlumatları sistemə tam miqrasiya edilib və praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilib.
Torpaqların elektron kadastr uçotu işləri zamanı kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də müəyyənləşir. Cari ilin ilk rübündə 40 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıb. Ümumilikdə isə 3 milyon hektaradək ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib.
Torpaqların keyfiyyət göstəriciləri laboratoriya vasitəsilə müəyyənləşir. Cari il ərzində 2,5 milyon hektar ərazinin torpaq nümunələri laboratoriya şəraitində analiz olunub.
Bununla yanaşı, bugünədək 455 bələdiyyə xəritəsi hazırlanaraq təsdiq edilməsi üçün həmin rayonların icra hakimiyyətlərinə təqdim olunub, bunlardan 308 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılıb və Milli Məclisə təqdim olunmaq üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təhvil verilib, 6 bələdiyyə razılaşdırılaraq təsdiq olunub və müvafiq şöbəyə təhvil verilib, 141 bələdiyyə isə müvafiq rayon–şəhər icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılma mərhələsindədir.
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində 600 min hektardan çox ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu sahədə görülən işlər daha da intensivləşəcək.

Regionlar 2019-05-23 14:55:00