×
A
A
A
Sazlamalar

Yüksək səviyyəli kadr hazırlığı turizmin inkişaf etdirilməsi üçün əsas məsələlərdən biridir

Naxçıvan, 23 may, AZƏRTAC

Turizmin inkişaf etdirilməsi üçün əsas məsələlərdən biri yüksək səviyyəli kadr hazırlığıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları üzrə III kurs tələbələrinin iştirakı ilə keçirilən mehmanxanaların sertifikatlaşdırılması mövzusunda seminarda ətraflı danışılıb.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun baş məsləhətçisi Ülviyyə Cəfərova seminarı açaraq qeyd edib ki, turizm sahəsinin yüksək səviyyəli kadrlarla təmin olunması məqsədilə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq departament tərəfindən bir sıra tədbirlər keçirilib. Bu il aprelin 15-dən etibarən müvafiq ixtisasların tələbələri mehmanxanalarda istehsalat təcrübəsi keçirlər. Həmçinin sərəncamın icrası ilə əlaqədar olaraq “İdeyadan başlanğıca” devizi altında startapların və layihələrin qəbul olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində ekspert qrupu yaradılıb. Bu tədbirlərin davamı olaraq bu gün mehmanxanaların sertifikatlaşdırılması haqqında seminar keçirilir.
Sonra “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov otelçilik işinin təşkilindən və turizmin əhəmiyyətindən danışıb.
Sonda tələbələr “Təbriz” mehmanxanasının fəaliyyəti ilə tanış olublar.

Regionlar 2019-05-23 14:58:00