×
A
A
A
Sazlamalar

Tarixi abidələrin mühafizəsi və bərpası, mədəni irsimizin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür

Bakı, 23 may, AZƏRTAC
Abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.
Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.
Tarixi abidələrin bərpası və qorunmasına xüsusi diqqət göstərmiş, bu işlərə dövlət dəstəyini əsirgəməmiş ümummilli lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük işlər həyata keçirilməklə davam etdirir. Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub.
Artıq beş ildir ki, dövlət başçısının müvafiq Fərmanı ilə mədəni irsimizin qorunması, inkişafı və təbliğinə bilavasitə cavabdeh olan dövlət qurumu - Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mədəni irsin qorunması, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin istifadəsi, bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Ötən müddət ərzində Dövlət Xidməti ölkəmizdə bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçirib, hazırda bu istiqamətdə görülən işlər davam etdirilir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu gün tarixi və mədəni irsimizə dövlətimizin başçısı tərəfindən böyük diqqət göstərilir, problemlər yerindəcə həll olunur.
Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Azərbaycanda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
Bakı, Naxçıvan, Şəki, Şamaxı, Quba, Qəbələ, Gəncə, Bərdə, bir sözlə Azərbaycanın dörd bir yanında yerləşən tarixi binalar, qalalar, dini məbədlər və digər mədəni irs nümunələrimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə edilməsi ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi qeyd olunur. Bu Konsepsiyanı həyata keçirmək və milli mədəni irsin qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib.
Bu müddət ərzində Dövlət Proqramının icrası məqsədilə milli pasportların və xəritələrin hazırlanması, normativ bazanın gücləndirilməsi, abidələrin təbliği istiqamətində bir sıra işlər həyata keçirilir.
Təkcə ötən il ərzində Şamaxının Dəmirçi kəndində XVII əsr məscidi bərpa və Dəmirçi-Lahıc yolunda nekropolun və qala divarlarının konservasiyası başa çatdırılıb, Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyində yenidənqurma, Bakıda Azərbaycan Milli İncəsənət muzeyi, Bərdədə “Allah-Allah” türbəsi, Şuşa Dövlət Dram Teatrında bərpa işləri aparılıb.
Arxeoloji irsin qorunması sahəsində də il ərzində tarixi ərazilərdə 30-dan çox elmi ekspedisiya fəaliyyət göstərib. Yerli mütəxəssislərlə yanaşı, əcnəbi alimlər də arxeoloji qazıntılarda iştirak ediblər.
Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Abidələr və tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır.
Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.
Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirir. Dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək məqsədilə 1992-ci ildə Azərbaycan dövləti UNESCO ilə əməkdaşlığa başlayıb.
Azərbaycan artıq beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun mərkəzinə və təşkilatçısına çevrilib. Bu baxımdan son illər dövlətimizin nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi etməsi təsadüfi deyildir. Elə yaxın günlərdə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək.
Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun Ümumdünya İrs və Qeyri-maddi irs üzrə reprezentativ siyahılarına daxil edilib. 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Göründüyü kimi, aparılan işlərin nəticəsi olaraq zəngin mədəni irsimiz Azərbaycanın vizit kartına çevrilib.
Ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə 2013-cü ildən etibarən Mədəniyyət Nazirliyi tərəfindən "Milli irs mükafatı" təsis edilib. Bu mükafat mədəni irsimizin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fərqlənmiş şəxslərə və təşkilatlara təqdim olunur.
Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

 

Mədəniyyət 2019-05-23 14:40:00