×
A
A
A
Sazlamalar

Biləsuvarda 112,427 qram heroin qanunsuz dövriyyədən çıxarılıb

Biləsuvar, 23 may, Bağır Əliyev, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Yuxarı Ağalı kəndi ərazisində Salyan rayon sakini Elnur Zeynalov saxlanılıb və ondan 112,427 qram heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı E.Zeynalovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi müəyyən olunub.
Onun narkotik vasitəni sifariş əsasında verməli olduğu Bakı şəhər sakinləri - hər ikisi əvvəllər məhkum olunmuş Elçin Cavanşirov və Samir Əsgərov Qaradağ rayonu ərazisində “Reno Megan” markalı avtomobillə saxlanılıblar. Saxlanılarkən avtomobildən heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Regionlar 2019-05-23 13:52:00