×
A
A
A
Sazlamalar

Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib

Daşkənd, 23 may, АZƏRTAC

Daşkənddə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı (KDNQP) çərçivəsində IV illik regionlararası görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Özbəkistanla yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Ukrayna, Tacikistan, Türkmənistan gömrük orqanlarının nümayəndə heyətləri, ÜGT, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin nümayəndələri iştirak edib. Ölkəmizi tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və onun köməkçisi İlkin Abbasov təmsil edib.
Tədbirdə Özbəkistan hökumətinin, ÜGT və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin nümayəndələrinin məruzələri dinlənilib.
Sonra “Yüksək riskli yüklərin aşkar edilməsi üzrə Mərkəzi Asiya, Qara dəniz regionu ölkələri, həmçinin Əfqanıstan və Pakistan gömrük xidmətləri arasında praktik əməkdaşlıq”, “Gömrük qurumları və dəniz limanlarında nəzarət məntəqələrinin Regionlararası Şəbəkəsinin praktik reallaşması” və “KDNQP çərçivəsində prioritet məsələlər və ehtiyaclar” mövzusunda keçirilən sessiyalarda iştirakçı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və donor ölkələrin nümayəndələri çıxış ediblər.
C.Qasımov müzakirə olunan mövzularla bağlı çıxış edib, KDNQP-ın Azərbaycan üçün əhəmiyyətindən danışıb, bu sahədə görülən işlər barədə məlumat verib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

İqtisadiyyat 2019-05-23 14:08:00