×
A
A
A
Sazlamalar

“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış

Bakı, 23 may, AZƏRTAC

Göyçay rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Rayon məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 12 komandanın iştirak etdiyi yarışda milli-mənəvi dəyərlərimiz, dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və digər mövzular üzrə suallar səsləndirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondundan AZƏRTAC-a bildirilib ki, icraçı direktor Mehman İsmayılov Azərbaycanda gənclərin inkişafı, mənəvi-əxlaqi tərbiyəsi, təhsili, intellektual səviyyəsinin artırılması istiqamətlərində görülən işlərdən danışıb. Bildirib ki, bu məqsədlə Mənəvi Dəyərlərin Təbliği Fondu Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında müxtəlif layihələr, müsabiqələr həyata keçirir. Göyçay rayonunda təşkil edilən “Dəyərlərimizi öyrənək” intellektual yarışı da bu cür maarifləndirici tədbirlərdən biridir.
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını, təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminatı istiqamətində Azərbaycan Prezidentinin sərəncamları əsasında böyük tədbirlərin həyata keçirildiyini vurğulayan Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov məktəblilərə tövsiyələrini verib və intellektual yarışın iştirakçılarına uğurlar arzulayıb.
Maraqlı mübarizə şəraitində keçən yarışda fərqlənən şagirdlər diplom və sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Elm və təhsil 2019-05-23 14:04:00