×
A
A
A
Sazlamalar

Gürcüstanda ağacəkmə aksiyası keçirilib

Tbilisi, 23 may, AZƏRTAC
Tbilisinin Varketili rayonu ərazisindəki “Tbilisi dənizi” (Tbilisi gölü) ətrafında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Tbilisi meriyası və Gürcüstan Patriarxlığı Fondunun birgə təşkil etdiyi aksiyada Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.
Aksiyada, həmçinin Tbilisinin meri Kaxa Kaladze, müavini Maya Bitadze, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri, idmançılar, gənclər və yerli idarəetmə orqanlarının əməkdaşları iştirak ediblər.
Səfir Dursun Həsənov və mer Kaxa Kaladze birgə ağac əkiblər.
K.Kaladze Tbilisinin yaşıllaşdırılmasına dəstək göstərən hər kəsə təşəkkür edib.
Mer Azərbaycan səfirinin bu aksiyada iştirakından məmnun qaldığını bildirib və bu dəstəyi qardaş ölkənin qayğısı kimi qiymətləndirib. O, Azərbaycanda da keçirilən bu cür aksiyaları yüksək qiymətləndirib.
Səfir Dursun Həsənov AZƏRTAC-a müsahibəsində deyib ki, ekoloji tarazlığın qorunması, yaşıllıqların salınması Azərbaycan dövlətinin də əsas prioritetlərindən biridir. Ölkəmizdə Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə belə nümunəvi aksiyalar keçirilir.
“Biz də səfirlik olaraq 2018-ci ildə Tbilisinin mərkəzində 95 ağac əkmişik. Bu il də meriyanın təşəbbüsünə qoşulmuşuq və “Tbilisi dənizi”nin ətrafında ağacəkmə aksiyasında iştirak edirik. Bu həm də Azərbaycan xalqının dost gürcü xalqına dəstəyidir”,- deyə səfir vurğulayıb.
Aksiya çərçivəsində 2 minə yaxın şamağacı əkilib.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2019-05-23 13:58:00