×
A
A
A
Sazlamalar

Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır

Bakı, 23 may, AZƏRTAC

Aqrar sahənin inkişafının davamlılığının təmin edilməsi, o cümlədən kənd təsərrüfatı məhsullarının ixrac potensialının gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş əsas prioritet istiqamətlərdəndir. Bu məqsədlə dövlət tərəfindən birbaşa və dolayı dəstək mexanizmləri həyata keçirilir. Belə ki, 2018-ci ildə kənd təsərrüfatına verilən birbaşa subsidiyaların həcmi 342,8 milyon manat və ya əvvəlki ilə nəzərən 66,8 faiz çox olub. Həmçinin ötən il kənd təsərrüfatı istehsalçılarına 11 milyon manat həcmində güzəştli kredit verilib, 5436 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə satılıb. “Aqrolizinq” ASC tərəfindən 2018-ci ildə 5115 baş olmaqla, 2009-2018-ci illərdə 31628 baş cins damazlıq heyvan alınaraq ölkəyə gətirilib.
Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdir müavini - Diaqnostika, proqnozlaşdırma və planlaşdırma bölməsinin rəhbəri Səadət Hacıyeva deyib.
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verən S.Hacıyeva deyib ki, görülən dəstək tədbirləri nəticəsində kənd təsərrüfatının bir çox sahələrində əhəmiyyətli artıma nail olunub. Belə ki, 2018-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7010,0 milyon manat təşkil edib. Bunun da 3824,0 milyon manatı heyvandarlıq, 3186,0 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. 2017-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 4,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 6,8 faiz, heyvandarlıq məhsulları üzrə 2,7 faiz artıb. 2018-ci ildə taxıl istehsalı 13 faiz, tərəvəz istehsalı 8,3 faiz, meyvə istehsalı 5,9 faiz, pambıq istehsalı 11,9 faiz, diri çəkidə ət istehsalı 3,0 faiz, süd istehsalı 2,8 faiz artıb. Ötən il respublika üzrə 513.9 ton barama istehsal edilib ki, bu da proqnozdan 14,1 faiz, əvvəlki ilin göstəricisindən isə 2,1 dəfə çoxdur.
Kənd təsərrüfatı məhsullarının istehsalının artımı ixrac həcminin də artmasını stimullaşdırıb. Bu barədə danışan Səadət Hacıyeva bildirib ki, 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı 680,1 milyon ABŞ dolları, kənd təsərrüfatı və kənd təsərrüfatının emalı məhsullarının ixrac həcmi isə 827,1 milyon ABŞ dolları olub. Ötən il kənd təsərrüfatı məhsulları ixracının 233,3 milyon ABŞ dollarını və ya 34,3 faizini tərəvəz, 326.3 milyon ABŞ dollarını və ya 48,0 faizini meyvə, 80,5 milyon ABŞ dollarını və ya 11,8 faizini pambıq lifi təşkil edib. Meyvə və tərəvəz ixracı dəyər ifadəsində 11,3 faiz, pambıq lifi ixracı 2,4 dəfə, pambıq ipliyi 1,5 dəfə artıb. Cari ilin yanvar-aprel aylarında isə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 221,6 milyon ABŞ dolları olub. Bu da keçən ilin müvafiq dövrünə nəzərən 1,6 dəfə çoxdur. Azərbaycanın 2018-ci ildə qeyri-neft məhsulları ixracı 1689,2 milyon ABŞ dolları həcmində olub ki, bunun da 49,0 faizi kənd təsərrüfatı və kənd təsərrüfatının emal məhsullarının payına düşüb.
Nazirliyin rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsəsən, yerli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə sahibkarlara ixrac təşviqinin ödənilməsi həyata keçirilir. 2018-ci ilin yanvar-dekabr aylarında 4947 min manat, 2017-2018-ci illər ərzində isə ümumilikdə, 8017 min manat məbləğində ixrac təşviqi verilib. 2018-ci ildə qabığı təmizlənmiş fındıq üzrə 1,3 milyon manat, xurma və nar üzrə 1,1 milyon manat, üzüm şərabları və digər spirtli içkilər üzrə 826 min manat, pambıq ipliyindən hazırlanmış məmulatlar üzrə 479 min manat, qovurulmuş fındıq ləpəsi üzrə 148 min manat, konserv məhsulları, şirə, mürəbbə üzrə 872 min manat, digər məhsullar üzrə 148 min manat məbləğində ixrac təşviqi ödənilib.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi” bəndinə əsasən, ixrac bazarlarının coğrafiyasının genişləndirilməsinə və ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsinə dəstək verilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, potensial ixrac bazarları haqqında fermerlərin məlumatlandırılması, potensial ixracatçı fermerlərin müəyyənləşdirilməsi, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların təmin edilməsi, ixrac sənədlərinin əldə edilməsinə dəstək verilməsi kimi tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Bu istiqamətdə davamlı olaraq tədbirlər görülür.
Onun sözlərinə görə, ötən il “Beynəlxalq Yaşıl Həftə”, “Prodexpo”, “Gulfood”, “Sial China”, “Worldfood Moscow”, “Sial Paris” Beynəlxalq ərzaq, "Fruit Logistica" meyvə-tərəvəz, “Prowine China” Beynəlxalq şərab, “Kazbuild Almaty” tikinti, habelə “6-cı Çin Avrasiya” və Çin Beynəlxalq idxal məhsulları sərgilərində Azərbaycan şirkətlərinin məhsullarının təşviqi məqsədilə onların vahid ölkə stendi altında iştirakı təmin edilib. Bu sərgilərdə “Made in Azerbaijan” brendinin geniş marketinq kampaniyası aparılıb. Bundan əlavə, yeni bazarlara çıxış imkanlarını aşkarlamaq, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmləndirmək və bu bazarlara yeni məhsullar təqdim etmək, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 10 ölkəyə 11 ixrac missiyası təşkil olunub.
Eyni zamanda, Azərbaycan məhsullarının tanıdılması və satışının təşkil edilməsi məqsədilə “azexport.az” portalı yaradılıb istifadəyə verilib.
Səadət Hacıyeva, həmçinin vurğulayıb ki, bütün bu işlərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkənin potensial ixrac imkanları olan fermerlərin iştirakı ilə maarifləndirici tədbirlər də təşkil edilir. Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) əməkdaşları 2018-ci ildə Quba, Xaçmaz, Zaqatala, Şabran, Salyan, Cəlilabad rayonlarında təlim və seminarlar keçirib. DATŞ-nin maarifləndirici xarakter daşıyan tədbirlərində əsasən iri meyvə və tərəvəz istehsalçıları ilə görüş olub, məhsul satışı ilə bağlı məlumatlar verilib, xarici bazarlara çıxış imkanları müzakirə edilib.
“Gördüyünüz kimi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması istiqamətində atılan addımlar artıq öz bəhrələrini verir və konkret nəticələrə gətirib çıxarır. Əminliklə söyləmək olar ki, aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən fəal siyasət bundan sonra da uğurla davam etdiriləcək”, - deyə Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdir müavini bildirib.

Regionlar 2019-05-23 12:27:00