×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin ticarətinə azyaşlı övladını cəlb edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 23 may, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat zamanı Salyan sakini, əvvəllər məhkum olunmuş İdris Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı 6 bağlamada tiryək və 3 bağlamada heroin aşkar edilərək götürülüb. Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, aşkarlanan tiryəkin çəkisi 12 kiloqram 10 qram, heroin isə 2 kiloqram 370 qramdır.
İ.Hüseynov ifadəsində bildirib ki, narkotik vasitələri cəzaçəkmə müəssəsində tanış olduğu “Alı” adlı İran vətəndaşından alıb. Həmin şəxs narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirərək İ.Hüseynova verib.
Qeyd edək ki, İ.Hüseynov saxlanılan zaman idarə etdiyi avtomobildə 11 yaşlı oğlu da olub. O, ifadəsində qeyd edib ki, narkotik vasitələri əldə etməyə gedərkən yolda polislər ondan şübhələnməsin deyə azyaşlı oğlunu da özü ilə aparıb. Azyaşlı polislər tərəfindən anasına təhvil verilib.
Çirkin əməlinə azyaşlı övladını alət edən İ.Hüseynov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisə 2019-05-23 12:31:00