×
A
A
A
Sazlamalar

Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları tələbələrlə görüşüb

Naxçıvan, 23 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasının III kurs tələbələri ilə görüş təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov müvafiq ixtisasların nazirliyin hamiliyinə verildiyini bildirib. Son illərdə muxtar respublikada yeni texnologiyaların tətbiqi haqqında tələbələrə məlumat verən nazir qeyd edib ki, ötən il NDU-nu bitirmiş 8 məzun nazirliyin müvafiq qurumlarına işə qəbul olunub. Bundan əlavə, nazirliyin dəstəyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan 8 tələbəyə 2018-2019-cu tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilib.
Bildirilib ki, mayın 24-də Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqə keçiriləcək və seçilən 6 tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndəriləcək. Həmçinin “Huawei” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən “Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində tələbələr üçün mütəmadi olaraq seminar-treninqlər keçirilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində ardıcıl işlər görülür.

Regionlar 2019-05-23 12:08:00