×
A
A
A
Sazlamalar

Lənkəranlı boksçu beynəlxalq turnirdə erməni idmançısını məğlub edərək qızıl medal qazanıb

Lənkəran, 23 may, Bağır Əliyev, AZƏRTAC

Lənkəranlı idmançı Ağasəlim Mustafazadə Rusiyanın Stavropol şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə yeni uğura imza atıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycan millisinin tərkibində çıxış edən lənkəranlı boksçu 60 kiloqram çəki dərəcəsində rusiyalı və ukraynalı idmançıları yarışdan kənarlaşdırdıqdan sonra, finalda erməni rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Gənc boksçu bu qələbəsini Aprel döyüşlərində həlak olan şəhidlərimizin xatirəsinə həsr edib.
Ağasəlim Mustafazadə 12 yaşından boksla məşğul olur. Altı illik idman karyerasında o, bir neçə uğura imza atıb.
Gənc boksçu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinin, 2 dəfə isə Azərbaycan Çempionatının finalçısı olub. Gürcüstan və Ukraynada keçirilən beynəlxalq yarışlarda da qızıl medal qazanan lənkəranlı idmançı Rusiyada keçirilən beynəlxalq turnirlərdə 6 dəfə çempion adına yiyələnib.
Qeyd edək ki, Azərbaycan millisi beynəlxalq turnirdə 10 qızıl, 2 gümüş, 11 bürünc medal qazanıb.

Regionlar 2019-05-23 12:07:00