×
A
A
A
Sazlamalar

Qazaxıstan Respublikası Prezidentinin seçkiləri: rəqabətlilik və şəffaflıq

Bakı, 23 may, AZƏRTAC

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu, regionun və dünyanın diqqət mərkəzində olan siyasi bir hadisədir. Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev seçkilərə hazırlıq məsələlərinə dair son məlumatlara əsaslanan məqalə ilə çıxış edib. AZƏRTAC həmin məqaləni təqdim edir.
İyunun 9-da Qazaxıstanda prezident seçkiləri keçiriləcək. Otuz ildən sonra ilk dəfə Qazaxıstan yeni prezidentini seçəcək.
Qarşıdan gələn seçkilər müstəqil Qazaxıstanın tarixində ən rəqabətlisi olacaq. Bu dəfə dövlət başçısı postuna yeddi nəfər öz namizədliyini irəli sürüb. Ölkə rəhbəri vəzifəsini tutmaq istəyənlərin sırasında ilk dəfə olaraq qadın da var – bu, "Ak Jol" partiyasını təmsil edən Daniya Yespayevadır. Müasir reallıqlar ondan ibarətdir ki, Qazaxıstan kişilərin siyasi həyatda üstün yer tutduğu regionda yerləşir. Lakin Qazaxıstan artıq uzun müddətdir ki, gender bərabərliyi, qadınların biznesdə və siyasətdə iştirakla bağlı vəziyyətinin yaxşılaşdırılması üçün real addımlar atır. İndi biz bu işin nəticələrini görürük. Xanım Yespayeva ilə yanaşı, qadınlar Parlament Senatının sədri, Baş Nazirin müavini, Təhsil və Elm naziri vəzifəsini tuturlar, Qazaxıstan parlamentinin dörddəbir hissəsi zərif cinsin nümayəndələridir.
Qarşıdan gələn seçkilərin daha bir fərqləndirici cəhəti rəqabətliliyi və seçki prosesinin ədalətliliyi ilə bağlıdır. Bu, regionumuzda seçkilərin ədalətliliyini və açıq olmasını təmin edən demokratik institutların fəal inkişafı ilə əlaqədardır. Xalqa müraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rəsmi olaraq bildirib ki, o, ən yüksək beynəlxalq standartlara cavab verən ədalətli və şəffaf seçkilərin keçirilməsinin qarantı kimi çıxış edəcək. Qazaxıstan həmişə müşahidəçilər və onların konstruktiv qeydlərinə açıq olub. 2019-cu il 21 may tarixinə görə, Qazaxıstan Xarici İşlər Nazirliyi beynəlxalq müşahidəçilərin akkreditasiyası üçün 133 ərizə qəbul edib, onlardan 125-i Mərkəzi Seçki Komissiyası tərəfindən artıq akkreditə olunub.
Ümumilikdə, biz seçki zamanı ölkəmizdə işləyəcək 10 beynəlxalq təşkilatdan və xarici dövlətlərdən 1000 beynəlxalq müşahidəçinin gəlməsini gözləyirik. Qazaxıstan hökumətinin dəvəti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), Müstəqil Dövlətlər Birliyinin (MDB) və bir çox digər təşkilatların nümayəndələri seçkilərdə müşahidə aparacaqlar. Onların missiyaları artıq ölkənin bütün regionlarında seçki prosesinin müşahidəsi fəaliyyətinə başlayıblar.
Eyni zamanda, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının nümayəndələri, Milli Məclisin deputatları da Qazaxıstan prezidenti seçkilərində müşahidə aparacaqlar. Bundan əlavə, Azərbaycanın parlament üzvləri beynəlxalq təşkilatların və beynəlxalq müşahidəçilər missiyalarının tərkibinə daxil edilib. Prezident seçkilərinin işıqlandırılmasını planlaşdıran xarici kütləvi informasiya vasitələrinin nümayəndələri arasında Azərbaycandan olan jurnalistlər də var.
Qarşıdan gələn seçkilər təkcə region ölkələri arasında deyil, həmçinin xarici tərəfdaşlar və sərmayə yatıran ölkələr arasında da böyük maraq oyadır, çünki Qazaxıstan dünya birliyinin hörmətli üzvü, regional və qlobal proseslərin fəal iştirakçısı və bir çox beynəlxalq təşəbbüslərin müəllifidir. İqtisadi baxımdan hökumətimiz sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində qəti addımlar atmaqla ölkəni regionda cəlbedici sərmayə mərkəzinə çevirir.
Bu, Qazaxıstan-Azərbaycan əlaqələri üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün Qazaxıstan və Azərbaycan öz regionunun iqtisadi liderləridir. Mürəkkəb geosiyasi vəziyyət və dünya enerji bazarında qeyri-sabitlik şəraitində ölkələrimiz milli iqtisadiyyatlarının şaxələndirilməsi və qeyri-xammal ixracının artırılması istiqamətində işlər aparır, bu da əməkdaşlığımız və sıx iş birliyimiz üçün möhkəm zəmin yaradıb. Nəticədə qarşılıqlı ticarət dövriyyəsinin göstəriciləri son illər ərzində iki dəfə artıb və ikitərəfli əlaqələrimizin şərəf mənbəyinə çevrilib.
İqtisadi əlaqələrin inkişafı işində perspektivli istiqamət kimi nəqliyyat-logistika sahəsi sayılır. Ölkələrimiz yeni nəqliyyat infrastrukturunu yaratmaqla və mövcud olan infrastrukturunu modernləşdirməklə beynəlxalq nəqliyyat dəhlizlərinin geniş şəbəkələrini birləşdirib və Qərblə Şərq arasında yüklərin daşınmasında bir növ “tranzit körpüsü”nə çevriliblər.
Ölkələrimiz arasında qarşılıqlı dəstək və hörmətə söykənən siyasi əməkdaşlığımız yüksək səviyyədədir. Bizi hər hansı siyasi anlaşılmazlığın olmaması, regional və beynəlxalq mövzularda aktual məsələlərlə bağlı mövqelərimizin oxşar olması birləşdirir. Mədəni və humanitar sahələrdə əməkdaşlığımız həmişə ikitərəfli əlaqələrimizdə xüsusi yer tutub. Bunun əsas amili xalqlarımızın ümumi köklərə sahib olması, ortaq tariximiz, mədəniyyətimiz və ənənələrimizdir.
Əminəm ki, Qazaxıstanın yeni prezidenti dövründə də iki qardaş ölkə arasında ikitərəfli əlaqələr bütün sahələrdə dinamik şəkildə inkişaf edəcək.

Siyasət 2019-05-23 10:58:00