×
A
A
A
Sazlamalar

Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı keçirilir YENİLƏNİB

Bakı, 23 may, AZƏRTAC
Hesablama Palatasının təşkilatçılığı ilə mayın 23-də Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun (DBİQ) toplantısı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantının məqsədi, islahatlar dövründə dövlət borcunun idarə edilməsi və auditi mövzusunun hər bir ölkə üçün aktuallığından danışıb, ölkələr arasında dövlət auditi sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb. Bildirib ki, müasir dövrün çağırışları hər bir istiqamətdə olduğu kimi, dövlət maliyyə inzibatçılığının təkmilləşməsini də tələb edir: “Dəyişən qlobal təsirlər dövlət borcunun idarə olunması ilə bağlı fəaliyyətə xüsusi tələblər qoyur. Dövlət borcunun idarə olunması, ilk növbədə, dövlət maliyyəsinin idarə edilməsi sisteminin xarakterik cəhətlərini özündə birləşdirir. Bu sahədə qarşıya qanunvericiliyin təkmilləşdirilməsi, idarəetmə strukturunun gücləndirilməsi məsələləri ortaya çıxır. Dövlət borcuna nəzarətin həyata keçirilməsi, bu nəzarətin mütəmadi və çoxkontekstli aspektdən tətbiqi qeyd olunan istiqamətlərə qədər xüsusi əhəmiyyət edir. Dövlət borcunun idarə edilməsi sisteminin institusional bazasının gücləndirilməsi maliyyəçiləri bir çox məsələlərə diqqət yetirməyə sövq edir. Əsas məsələlər dünya və ölkədə formalaşan makroiqtisadi və maliyyə institutlarının inkişaf səviyyəsi, dövlət maliyyəsinin planlaşdırma xüsusiyyətləri, dövlətin iqtisadi hədəfləri və dövlət auditi institutunun formalaşmasıdır. İnkişaf səviyyəsi dövlət maliyyəsini idarəetmə xüsusiyyətlərindən asılı olmayaraq dövlət borcuna nəzarətin əhəmiyyəti İşçi Qrupunun bugünkü toplantısındakı nümayəndə heyətinin geniş tərkibi ilə də öz təsdiqini tapır”.
Qeyd edib ki, Azərbaycan Hesablama Palatası da daxil olmaqla 28 ölkənin heyətinin və bu heyətin birləşdirdiyi 55 nümayəndənin iştirakı məhz dövlət borcunun auditinin keyfiyyətinin yüksəldilməsi məsələsinin diqqətdə olduğunu göstərir. Dövlət borcu kənar dövlət maliyyə nəzarətinin əhatəsinə daxil olan mühüm aspektdir: "Bugünkü tədbir çərçivəsində müxtəlif fikirləri və təcrübələri müzakirə edəcəyik. Dövlət borcunun düzgün idarə edilməsi dövlətə büdcə xərclərinin strukturunun optimallaşması imkanları verməklə yanaşı, borc öhdəliklərinin rasional səviyyədə minimallaşmasına da xidmət edir. Başqa cür ifadə etsək, dövlət borcunun düzgün idarə edilməsi müəyyən olunan zaman çərçivəsində borcun qaytarılması və digər istiqamətdə büdcənin maliyyələşmə imkanlarını genişləndirir. Nəticədə hökumətlər dövlət fondlarının vəsaitlərinin INTOSAI-ın ISSAI standartlarında qeyd edildiyi kimi, yarana biləcək iqtisadi və fiskal risklərdən qorunmağa nail olurlar. İqtisadi təhlükəsizliyin təmin edilməməsi dövlət maliyyə resursları həcminin əhəmiyyətli şəkildə azalması, eyni zamanda, borcun iqtisadi inkişafa təşviq edəcək maliyyə aləti rolundan dövlətin borclanma öhdəliklərinin miqyasının genişlənməsinə səbəb ola bilər. Məhz bu səbəbdən dövlət borcunun strukturunun geniş təhlili və davamlı audit tədbirləri yarana biləcək təhdidlərin qarşısının alınmasına yönəldilməlidir. Tədbirin keçirilməsində məqsəd bu iki aspektin birgə tandemini mütərəqqi üsulların köməyi ilə təmin olunmasında bilik və bacarıqlarımızın genişləndirilməsidir. Bugünkü tədbirin INTOSAI çətiri altında keçirilməsi bu istiqamətdə əlavə imkanların yaranmasına, ikitərəfli və çoxtərəfli əməkdaşlığın güclənməsinə təkan verir.
Filippin Audit Komissiyasının və INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun sədri Maykl Aquinaldo çıxışında çoxtərəfli və ikitərəfli əməkdaşlığın ali audit qurumlarının fəaliyyətində rolundan danışıb, toplantının işinə uğurlar arzulayıb. Qeyd edib ki, INTOSAI dövlət borcu üzrə ixtisaslaşmış bir qrupa keçirilib: müsbət praktikanı paylaşır, xüsusi təlimatlar, o cümlədən dövlət borcunun idarəedilməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün bu istiqamətdə bir sıra məlumatlar verir: “İşçi Qrupu, eyni zamanda, borc öhdəliyinin yoxlanılması və digər borc məsələsi ilə məşğul olan digər institutlarla müsbət təcrübənin paylaşılmasında iştirak edəcək. Bizim builki mövzumuz effektiv bilik paylaşılması vasitəsilə dövlət borcunun idarəedilməsində yüksək standartlara nail olunmasına həsr olunub. Toplantıda xüsusilə bilik paylaşılma strategiyaları vasitəsilə dövlət borcunun idarəedilməsi ilə bağlı konkret təcrübələr göstəriləcək”.
M.Aquinaldo toplantının təsdiq edilmiş gündəliyinə əsasən, İşçi Qrupunun fəaliyyəti haqqında hesabat təqdim edib.
INTOSAI-ın İdarə Heyətinin təsis etdiyi Dövlət Borcu üzrə İşçi Qrupunun əsas məqsədi standartların təqdim edilməsi, qabaqcıl təcrübə mübadilələrinin təşkili, qarşılıqlı maraq və problemli məsələlərə dair tədqiqat aparmaq da daxil olmaqla bilik mübadiləsi vasitəsilə Ali Audit Qurumlarının əməkdaşlığı və davamlı inkişafıdır.
Qeyd edək ki, 25 il ərzində INTOSAI Bilik Mübadiləsi Komitəsinin nəzdində fəaliyyət göstərən və 34 üzv Ali Audit Qurumundan ibarət olan İşçi Qrupuna sədrliyi 2017-ci ildə Fillippin Audit Komissiyası öz üzərinə götürüb.
Sonra INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupunun yeni üzv ölkələri və onları təmsil edən nümayəndələr təqdim olunub. Dünya Bankının Borcun İdarə edilməsi Ofisinin (DMF) meneceri və baş təhlilçisi Li Hakim "Dövlət borcu monitorinqinin və hesabatlılığının gücləndirilməsi: DMF-dən öyrənilmiş dərslər", BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) nümayəndəsi Stefani Blankenburq "Dayanıqlı inkişaf üçün borc şəffaflığı təşəbbüsləri və effektiv makroekonomik borc strategiyaları" mövzusunda məruzələr ediblər.
Mayın 25-dək davam edəcək toplantıda Dövlət Borcu üzrə İşçi Qrupunun Katibliyinin hesabatlarının, 2020-2022-ci illər üçün İşçi Qrupunun iş planının, 2018-ci ilin oktyabr ayında keçirilmiş sorğu nəticələrinin xülasəsinin, Dövlət Borcu Auditinin məlumat bazası üzrə ekspertlər şəbəkəsinin çıxışları, iş planındakı tədbirlər üzrə tapşırıq qruplarının tərkibinin müəyyən edilməsi, 2017-2019-cu illər üzrə iş planı və veb-səhifəsinin müzakirəsinin dinlənilməsi nəzərdə tutulur.
Toplantının ikinci günü INTOSAI-ın İnkişaf Təşəbbüsünün (IDI) direktor müavini Arçana Şirsat "Dövlət borcu auditinin ISSAI 100-ə uyğun olaraq konsolidasiyası və uyğunlaşdırılması; INTOSAI-ın İnkişaf Təşəbbüsünün qlobal ictimai töhfələrinin keyfiyyətinə nəzarət üzrə protokol; INTOSAI-ın Peşəkar Bəyanatlar çərçivəsi ilə bağlı müvafiq prosedurlar və INTOSAI-ın Bilik Mübadiləsi Komitəsinin (BMK) İşçi Qrupunun layihələri üzrə protokol"u təqdim ediləcək.
Hindistan Ali Audit Qurumunun nümayəndəsi Caysankar Dhandapani "BMK-IDI ictimai portal ilə bağlı yeni işlər: Bilik mübadiləsinin daha səmərəli platforma üçün INTOSAI ictimai portalın təkmilləşdirilməsi", Rusiya Ali Audit Qurumunun nümayəndəsi Tatyana Otroxova "Rusiya Federasiyasının dövlət borcunun strateji auditi", Gürcüstan Ali Audit Qurumunun nümayəndəsi Ana Mazmişvili "Maliyyə (Dövlət borcu) dayanıqlılığının qiymətləndirilməsində AAQ-ların rolu", Çin Ali Audit Qurumunun nümayəndəsi Vanq Banqvu "Milli dövlət borcunun auditində məlumat təhlilinin tətbiqi – Çinin yeni inkişafı", ABŞ Ali Audit Qurumunun nümayəndəsi Doun Simpson "Amerika Birləşmiş Ştatlarının maliyyə möhkəmliyi", Maldiv Ali Audit Qurumunun nümayəndələri Hüseyn Niyazi və Məqbul Xalid "Dövlət borcu dayanıqlılığına auditor yanaşması", Küveyt Ali Audit Qurumunun nümayəndələri Salma Əl-Essa Al-Qenae və Rim Həmid Əlsayif "Küveytdə dövlət borcunun INTOSAI standartları əsasında həyata keçirilməsində Dövlət Audit Bürosunun rolu", İordaniya Ali Audit Qurumunun nümayəndəsi Bilal Camal Əhməd Akaşeh "İordaniyada daxili borc xarici borca qarşı", Tailand Ali Audit Qurumunun nümayəndələri Pitikun Nilthanom və Orapan Limriantonq "Dövlət fiskal və maliyyə nizamnaməsi 2018: Dövlət borcunun idarəedilməsində Tailand AAQ-ın rolu" mövzularında çıxış edəcəklər.
2020-2022-ci illər üzrə Dövlət Borcu üzrə İşçi Qrupunun iş planından irəli gələn tədbirlər üzrə Misir və Hindistan ali audit qurumlarına, eləcə də Şimali Makedoniya və Litva ali audit qurumlarına tapşırıqlar müəyyən ediləcək, Dövlət Borcu üzrə İşçi Qrupunun Katibliyinin 2020-2022-ci illər üzrə DBİQ-in iş planının layihəsi müzakirə olunaraq təsdiq ediləcək, İşçi Qrupunun sədrinin DBİQ-in 2020-ci il və 2021-ci ildəki tədbirini keçirəcək ali audit qurumları müəyyənləşdiriləcək.
Toplantının sonunda Dövlət Borcu üzrə İşçi Qrupun sədrinin və Azərbaycan Respublikası Ali Audit Qurumu Təşkilat Komitəsinin yekun qeydləri və işgüzar inzibati bəyanatları dinləniləcək. Həmçinin "Dövlət Borcunun idarə edilməsinin auditi", "Dövlət Borcunun İdarə edilməsi: Düzgün işlər və ya işlərin düzgün şəkildə həyata keçirilməsi", "Dövlət borcu auditinin ISSAI 100-ə uyğun olaraq konsolidasiyası və uyğunlaşdırılması", "Rusiya Federasiyasının dövlət borcunun strateji auditi", "Milli dövlət borcunun auditində məlumat təhlilinin tətbiqi – Çinin yeni inkişafı", "ABŞ-ın maliyyə möhkəmliyi" və sair mövzularda təqdimatlar olacaq.

İqtisadiyyat 2019-05-23 15:31:00