×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Dram Teatrı Ukraynada Beynəlxalq Teatr Festivalında iştirak edir

Gəncə, 23 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi tarixlərində Ukraynanın Xerson şəhərində keçirilən “XXI Melpomena Tavrii” Beynəlxalq Teatr Festivalında iştirak edir. Nümayəndə heyətinə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov rəhbərlik edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.
Anar Bürcəliyev bildirib ki, yaradıcı kollektiv teatrın baş rejissoru, Prezident mükafatçısı İradə Gözəlovanın quruluşunda Gürcü dramaturqu Nodar Dumbadzenin “Hellodos” pyesi ilə iştirak edir.
Bu festivalda Ukraynanın Xerson şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporasının sədri Əli Kərimov və Ukraynada yaşayan həmvətənlilərimiz də iştirak edərək tamaşaya baxıblar. Tamaşa sinxron tərcümə ilə nümayiş olunub və Ukrayna teatrsevərləri tərəfindən alqışlarla qarşılanıb.
Anar Burcəliyev həmçinin bildirib ki, yaradıcı kollektiv mayın 23-də Ukraynanın Kamenskoe şəhərində “Klassiklər bu gün” adlı Beynəlxalq Teatr Festivalında da eyniadlı tamaşa ilə iştirak edəcəkdir.
Tamaşada əsas rolları Xalq artistləri Pərvanə Qurbanova, Alim Məmmədov, Əməkdar artist Sevda Orucova, gənc aktyorlar Murad Meyfəliyev, Ruslan Hüseynov və Məhəmməd Cəfərov ifa edirlər.
Festivala mayın 25-də yekun vurulacaq.

Regionlar 2019-05-23 04:18:00