×
A
A
A
Sazlamalar

Nizami Kino Mərkəzində “Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edilib

Bakı, 22 may, Xaruqə Məmmədova, AZƏRTAC 

Mayın 22-də Nizami Kino Mərkəzində “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Balans” milli rəqəmsal studiyasında bərpa edilən film görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ərəfəsində gerçəkləşib. Film Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına fond və “Balans” studiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Film Prosper Merimenin novellası əsasında çəkilmiş milli kinomuzun qızıl fonduna daxildir.
Tədbirdə 1960-cı ildə lentə alınan film haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, film keçmiş sovet dövrünün ən kəskin vaxtlarında ekranlaşdırılıb. 19 dəqiqəlik "Mateo Falkone" kinosu ölkəmizdə ilk rəqəmsallaşdırılmış filmdir. Filmin yeni versiyası üç ay ərzində ərsəyə gəlib.
Tədbirdə Xalq artistləri Cənnət Səlimova, Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi Ayaz Salayev, “Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və başqaları film haqqında öz təəssüratlarını bölüşüblər. Bu işin böyük zəhmət və əmək nəticəsində ərsəyə gəldiyini söyləyiblər.
Qeyd edilib ki, Azərbaycan mədəniyyəti və kinosunun dahi simaları Tofiq Tağızadə, Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, Nodar Şaşıqoğlu, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yegizarov filmin yaranmasına öz töhfələrini veriblər.
Tofiq Tağızadənin ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev filmin yeni versiyada bərpasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecədə filmə ilk baxış olub.

Mədəniyyət 2019-05-22 21:21:00