×
A
A
A
Sazlamalar

Metropolitenin ehtiyat elektrik təchizatı üzrə işlər başa çatmaq üzrədir

Bakı, 22 may, AZƏRTAC

Dizel elektrik stansiyaları “Azərişıq” ASC-nin yarımstansiyalarında quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, Bakı Metropoliteninin fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin keyfiyyətli və fasiləsiz verilişindən asılıdır. Şəhər ictimai sərnişindaşıma nəqliyyatı sektorundakı əhəmiyyəti nəzərə alınaraq fövqəladə hallarda (elektrik enerjisinin verilişində məhdudiyyətlər yarandığı hallarda) metropolitenin minimal ehtiyaclarının ödənilməsi ən aktual məsələlərdən biridir.
Ötən il iyulun 3-də “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranan məhdudiyyət Bakı Metropoliteninin fəaliyyətinə mənfi təsir göstərərək texniki qurğuların, stansiya və tunellərdə qatarların dayanmasına gətirib çıxarmışdı. Metropoliteni qidalandıran bütün elektrik xətlərinə verilən gərginlik kəsildiyindən tunel və stansiyalarda sərnişinlərin təxliyəsi qəza işıqlarının qoşulması ilə aparılmışdı. Lakin müasir dövrdə elmi-texniki tərəqqinin imkanları təhlükəsizliyin təmin olunması baxımından daha əsaslı addımların atılmasını tələb edir.
Keçən il iyulun 4-də Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar keçirilən müşavirədə dövlət başçısı fövqəladə hallarda metropolitenin ehtiyat elektrik mənbələrindən qidalanmasının zəruriliyini xüsusi qeyd edərək qısa müddət ərzində təkliflərin hazırlanması barədə tapşırıq vermişdi. Dövlət başçısı məsələnin aktuallığını Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da xüsusi qeyd edib: “İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu, bizə imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir”.
Baş vermiş qəzadan ötən müddət ərzində qarşıya qoyulan vəzifələrin həlli istiqamətində mühüm tədbirlər görülərək ciddi addımlar atılıb. Bununla əlaqədar “Bakı Metropoliteni” QSC-də təkliflərin hazırlanması istiqamətində rəhbər və mütəxəssis heyətinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparılıb, vəziyyət təhlil olunaraq metropolitenin elektrik enerjisinə minimal ehtiyacları müəyyən edilib.
Metropolitendə müxtəlif növ cərəyan və gərginlik tələb edən sahələr fəaliyyət göstərir. Bu tələbləri nəzərə alaraq fövqəladə hallarda elektrik enerjisi ilə təminatın dizel elektrik stansiyaları vasitəsilə aparılması daha məqsədəuyğun hesab edilib. Araşdırmalar nəticəsində dizel elektrik stansiyalarının metropoliten stansiyalarında və ya onların yaxınlığında qurulmasının effektivsizliyi müəyyən olunub.
“Bakı Metropoliteni” QSC və “Azərişıq” ASC-nin potensial imkanları nəzərə alınaraq məsələyə birgə yanaşma aspektləri, ümumi mövqe müəyyən olunub, görüləcək işlərin əsas istiqamətləri araşdırılıb. Alternativ mənbə funksiyasını daşıyan dizel elektrik stansiyalarının “Azərişıq” ASC-nin rayon yarımstansiyalarında yaradılması optimal variant kimi qəbul edilib. Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək.
“Azərişıq” ASC ilə hərtərəfli müzakirələrdən sonra dizel elektrik stansiyalarının yerləşmə nöqtələri müəyyən olunub və birgə konsepsiya hazırlanıb. Metropolitenin əsas enerji ehtiyaclarının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Alınacaq generatorların ümumi gücü də müəyyən olunub. Ümumilikdə “Azərişıq” ASC-nin yarımstansiyalarında 12 ədəd 2,5 meqavat, 4 ədəd 2 meqavat və bir ədəd 1 meqavat gücündə dizel generatorun qurulması qətiləşib. Bu məqsədlə “Rolls-Royse Power Systems AG-nin MTU” GmbH şirkəti ilə müxtəlif gücə malik 17 generatorun istehsalı barədə imzalanan müqavilənin nəticəsi olaraq həmin qurğular artıq təyinatı üzrə müvafiq yarımstansiyalarda quraşdırılıb. Hazırda sazlama işləri aparılır.
Dizel elektrik stansiyaları fəaliyyətə başlayana qədər baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı “Bakı Metropoliteni” QSC-də ən zəruri ehtiyacların ödənməsi məqsədilə müvəqqəti tədbir də görüb. Yeraltı qrunt sularının metro tunellərindən xaric edilməsi üçün suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kilovolt amper (kVA) gücə malik mobil dizel elektrik stansiyasının sınaqlarının nəticəsi qənaətbəxş hesab olunub. İki belə dizel generator stansiyası alınaraq ehtiyatda saxlanılır.
Azərbaycan Prezidentinin 2011-ci il martın 18-də imzaladığı Sərəncamla təsdiq etdiyi “Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq, yeni xətlərdə bu məsələlər xüsusi nəzərə alınacaq. Hazırda iki stansiyası istismarda olan “Bənövşəyi xətt”in 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 meqavolt amperlik (MVA) olan dizel generator stansiyası inşa edilir. Bu dizel generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək.
Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kilovoltluq iki yarımstansiyada qurulacaq dizel generator stansiyaları xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq.

İqtisadiyyat 2019-05-22 20:34:00