×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Universitetində 1684 gənc “Məzun günü”nün sevincini yaşayıb

Gəncə, 22 may, Rauf Hacıyev, AZƏRTAC

Mayın 22-si Gəncə Dövlət Universitetində təntənəli “Məzun günü” coşqusu yaşanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin ikinci tədris korpusunda, şəhərin Bayraq Meydanında keçirilən tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra kitab sərgisinə və universitet tələbələrinin idmanda qazandıqları uğurları əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri açan universitetin rektoru, professor Yusif Yusibov tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini vurğulayan rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları haqqında məlumat verib.
Bildirilib ki, bu illər ərzində tələbələrlə savadlı, pedaqoji təcrübəyə və ustalığa malik 554 nəfərlik professor-müəllim heyəti məşğul olub. Bu il ali təhsil ocağının bakalavr təhsil səviyyəsi üzrə 1386, magistr təhsil səviyyəsi üzrə 206, əlavə təhsil üzrə 92 nəfər olmaqla, ümumilikdə, 1684 nəfər məzunu var və onlar bu günün sevincini yaşayır.
Rektor Yusif Yusibov çıxışında tələbələrin universitetin ictimai-siyasi həyatında olduğu kimi, semestr imtahanlarında da fəallıq nümayiş etdirdiklərini deyərək, məzun olan bütün tələbələrə gələcək həyatlarında və dövlət imtahanlarında uğurlar arzulayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Vəfa Abbasova Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb.
Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Sonra çıxış edən tələbələr müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə məzunlar adından universitet rəhbərliyinə, müəllimlərə minnətdarlıqlarını bildiriblər. Məzunlar öz fəaliyyətləri ilə onların etimadını doğruldacaqlarına, doğma ali məktəbin adını həmişə uca tutacaqlarına, şərəfini qoruyacaqlarına söz veriblər.
Tədbirin sonunda bütün fakültələr üzrə təhsildə əldə etdikləri yüksək nəticələrə, universitetin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup tələbəyə fəxri fərmanlar verilib. Bir qrup tələbənin valideynlərinə isə “Təşəkkür” məktubu ünvanlanıb.
“Dj”lər tərəfindən təqdim olunan musiqilər “Məzun günü”nə xüsusi rəng qatıb.

Regionlar 2019-05-22 19:37:00