×
A
A
A
Sazlamalar

Şamaxı və Ağsunun 5 kəndində içməli su layihələrinin icrasına başlanılıb

Bakı, 22 may, AZƏRTAC
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Şamaxı və Ağsu rayonlarının 5 kəndində içməli su layihələrinin icrasına başlanılıb.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Şamaxı rayonunda icra olunan layihə Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonundakı layihə isə Qəşəd və Ləngəbiz kəndlərini əhatə edir. Bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.
Kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Oğuz-Qəbələ-Bakı su kəməri seçilib. Su kəmərindən götürülən suyun kəndlərə nəqli məqsədilə ümumi uzunluğu 9,5 kilometr olan magistral su xəttinin inşası nəzərdə tutulur. Magistral su kəməri üzərində 6 vantuz və 3 təzyiq artırıcı quraşdırılacaq. Bağırlı, Ovçulu, Çöl Göylər və Qəşəd kəndlərində hər birinin tutumu 50 kubmetr olan su anbarları tikiləcək, Ləngəbiz kəndindəki mövcud su anbarı isə əsaslı təmir olunacaq. Şamaxı və Ağsu rayonlarının kəndlərində ümumi uzunluğu 40,3 kilometr olan su xətləri çəkiləcək, əhalinin ümumi istifadəsi üçün 258 bulaq quraşdırılacaq.
İndiyədək Şamaxı və Ağsu rayonlarının kəndlərində 10 kilometr su xəttinin tikintisi yekunlaşıb. Hazırda anbarların və su xətlərinin tikintisi davam etdirilir. Yaxın vaxtlarda bulaqların quraşdırılmasına başlanılacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.
Layihənin icrası tam başa çatdıqdan sonra Şamaxı rayonunun Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonunun Qəşəd və Ləngəbiz kəndlərinin 6 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamları və investisiya layihələri çərçivəsində son 2 ildə 46 rayonun 211 kəndində 330 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Bu kəndlərdə su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur.

Regionlar 2019-05-22 18:02:00