Azərbaycanın tarixi körpüsü bərpa olunur
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qazax rayonunda – Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü”də (Qırmızı körpü) aparılan təmir-bərpa işləri ilə tanış olub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.
Dövlət Xidmətinin məsul şəxslərinin də iştirak etdiyi tədbirdə abidədə aparılan bərpa işlərinin vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Hazırda körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.
Dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi olan “Sınıq körpü”də bərpa işləri bu ilin sonuna kimi yekunlaşacaq.
Qeyd edək ki, “Sınıq körpü” XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir