×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Paralimpiya Komitəsində könüllülərlə görüş keçirilib

Bakı, 22 may, AZƏRTAC

Bakıda keçirilmiş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının işıqlandırılmasında fəallıq göstərmiş Təhsil Nazirliyinin “BİR” tələbə-könüllü proqramının rəhbər heyəti və fiziki məhdudiyyətli könüllülər ilə Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə AMPK-nın prezidenti İlqar Rəhimov Qran-Pri yarışlarının yekunları barədə məlumat verib, görüş iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim edib.
Paracüdoçularımızın yarışda uğurla çıxış etdiklərini diqqətə çatdıran İ.Rəhimov gələn il keçiriləcək yarışın hazırlıqlarına artıq başlandığını bildirib. Ölkəmizdə könüllülər hərəkatının inkişafından danışan AMPK-nın prezidenti deyib ki, irimiqyaslı tədbirlərin təşkilini könüllülərsiz təsəvvür etmək çətindir. Onların işi çox vacib və təqdirəlayiqdir.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən Qran-Pridə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb. Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb. Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 4 bürünc medalla komanda hesabında ikinci yeri tutub.
AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşı olub.

İdman 2019-05-22 17:52:00