×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 22 may, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdinlə görüşüb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, şeyx Ravil Qaynutdin ikitərəfli, qardaşlıq əlaqələrinin, həmçinin elm, təhsil və maarifləndirmə sahəsində əməkdaşlığın tərəfdarı olduğunu qeyd edib. Dini lider iki ölkə arasında elmi əlaqələrin və dost münasibətlərin inkişafından məmnunluğunu bildirib.
Müfti Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət-din münasibətinin uğurlu nəticələrini, ekstremizm və radikalizm ideologiyalarına qarşı mübarizənin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, sülhün, sabitliyin, əmin-amanlığın qorunması və gənclərin ekstremizm və terrorizm ideyalarından qorunması üçün birlikdə çalışmalıyıq.
Ceyhun Məmmədov Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Rektor Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, institut iki istiqamət üzrə mütəxəssis hazırlayır: məscidlərdə imam və din xadimləri kimi fəaliyyət göstərəcək İslam alimləri və ölkənin müvafiq dövlət qurumlarında çalışacaq mütəxəssislər.
Aİİ-nin rəhbəri diqqətə çatdırıb ki, ali tədris müəssisəsində dini mövzularla yanaşı, sosiologiya, psixologiya, fəlsəfə, məntiq və digər dünyəvi mövzular da tədris olunur. Hazırda dərslər Azərbaycan dilində keçirilir, gələcəkdə isə ingilis, rus və ərəb dillərində qrupların açılması planlaşdırılır.
Görüşdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı surətdə ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, elmi-tədqiqat proqramları, layihələrin birgə təşkili və digər məsələlər müzakirə olunub.
Görüşdə Bolqar İslam Akademiyası ilə əməkdaşlıq müqaviləsinin imzalanması da qərara alınıb.

Elm və təhsil 2019-05-22 17:34:00